Yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur

Yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur

Azərbaycanın təcavüzkar Ermənistan kimi qonşusu olduğundan cəmiyyətimizdə vətənpərvərlik təbliğatı ən ali məqsəd olmalıdır. Bunun üçün isə dinidən, dilindən, siyasi mənsubiyətindəm asılı olmayaraq cəmiyyətin bütün təbəqələri əlindən gələni etməlidir. Ancaq reallıq ondan ibarətdir ki, ölkədə vətənpərvərliyin təbliği istənilən səviyyədə olmadığından bir sıra nüqativ hallarla üzləşmək zorunda qalırıq. Xüsusən, orta və ali məktəblər, eləcə də kütləvi informasiya vasitələri bu məsələdə passivlik nümayiş etdirirlər. Əslində isə vətənpərvərliyin təbliği telekanallardan tutmuş təlim-tərbiyə, təhsil müəssisələrinə qədər, mətbuatda, dərsliklərdə birbaşa əksini tapmalıdır. Ordu, şəhidlər, Milli Qəhrəmanlarla bağlı müxtəlif yönümlü maarifləndirmə işləri görülməli, məqalələr  yazılmalı, verilişlər göstərilməlidir. Düzdür, son vaxtlar ölkə mətbuatında vətənpərvərliyin təbliği ilə bağlı verilişlərin sayı artıb, ancaq cəmiyyətin bütün təbəqələrində sadalanan məsələləra bir o qədər də diqqət yetirilmədiyindən əsas güc ailələrin üzərinə düşür. Bütün hallarda etiraf edilməlidir ki, vətənpərvərliyin təbliğində  ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var. Təsadüfi deyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Məlum olduğu kimi ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ancaq etiraf edilməlidir ki, vətəndaş cəmiyyətlərinin də bu sahədə rolu danılmazdır.  Gənc nəslin vətənpərvərlik ruhunun yüksəldiləsilə bağlı suallarımızı Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli cavablandırıb.

– Əkrəm müəllim, bugünkü Azərbaycan gəncinin vətənpərvərlik hisslərini necə xarakterizə edərdiniz və gənclərimiz nə dərəcədə vətənpərvərdirlər?

– Bugünkü Azərbaycan gəncində vətənpərvərlik yetərincədir. Ümumiyyətlə, Azərbaycan insanında hər zaman yurda, torpağa, elə, obaya  bağlılıq olub, İnsanlara qarşı bir mərhəmət yüksək hissi olub.  Tarixən azərbaycanlıların yaşam tərzində bu tendensiya özünü göstərib. Vətənpərvərlik anlayışı özü mübahisə doğuran məsələdir. Ancaq vətənpərvərlik hisslərinə zərbə vuran faktorlar olub. Həmin o amillər saxta vətənpərvəliyə gətirib çıxarıb. Mənim qənaətimcə, yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur.

– Sizcə sırf vətənpərvər gənc formalaşdırmaq üçün ilk öncə nədən başlamalıyıq. Ailədən, bağçadan, məktəbdən, yoxsa universitetdən?

-Mən bu fikirlərimi hər zaman təkrarlayıram. Gələcək   biznesmenin, polisin, həkimin, mühəndisin  və s.   əxlaqlı  dünyagörüşü,   vətəndaşlıq mövqeyi, milli  kimliyi, dövlətçilik təfəkkürü  məhz orta  məktəb  partasından  formalaşır.   Zəncirvari   proses  olan  bu məqamlarda  baş verən  hər hansı   qüsurlar gündəlik həyatımızda,  cəmiyyətimizdə   özünü   büruzə  verir. Bir  sözlə sındırılmış, zəif təhsil görən  şagirddən   hansı  vətəndaşlıq  mövqeyi   gözləmək olar?   Əslində vətəbpərvərlik  təhsilin bünövrəsi olan orta məktəbdə  şagirdə və müəllimə qarşı formalaşan  münasibətdən və azyaşlıya verilən bilikdən başlayır.  Bu da  cəmiyyətdə gənclərin necə vətənvərvər yetişməsinin   ilkin addımıdır.   Gəlin bu addımı  elə ataq ki,  sonra peşman olmayaq. Öz peşəsini sevən müəllimlər az deyil.  Onlar bir çox hallarda öz peşələrindən əl çəkirlər. Təhsil elə bir sahədir ki, cəmiyyətin problemlərinin bir çoxunu  burada axtarmaq  lazımdır.  Ona  görə ki,  bütün  sənət sahibləri orta  məktəb partası arxasından    çıxaraq  müstəqil həyata,  bu cəmiyyətə    yol  açırlar.  İkinci ailə  sayılan   məktəb, oradakı  müəllimlər   azyaşlı  uşağın  gələcək  taleyini   müəyyən edir.

– Bəs dövlətin bu sahəyə diqqəti, gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində atdığı addımları necə xarakterizə edərdiniz?

-Dövlətin hədəfində o durur ki, vətənpərvər, intellektli gənclər yetişsin. Bu işləri yerinə yetirmək məqsədilə  kifayət qədər proqramlar, layihələr var. Düşünmək olar ki, bu layihələr effektli nəticələr verir. Bundan xeyli sayda gənclərimiz faydalanır.  Lakin bir çox hallarda bəzi məmurların bu məsələrdə yarıtmaz fəaliyyəti, şəxsi mənafelərini güdməsi dövlətin bu nəcib işinə zərbə vurur. Gənclərdə vətənpərvərlik ruhunun qaldırılmasına xidmət edən böyük layihələr təyinatı üzrə sərf olunarsa görün nə qədər effektli nəticələr qazanmaq mümkün olar. Bu gün korrupsiyaya görə, həbs olunmuş məmurlar digərlərinə ibrət dərsi olmalıdır.  Cənab Prezident hər zaman çıxışlarında məmurlara ciddi  tapşırırır:  “Toxunulmaz şəxs yoxdur, məmur xalqın xidmətçisidir”. Ona görə də, Cənab Prezidentin bu fikirlərinə istinad edərək düşünürəm ki, dövlətin ali məqsədlərinə ziyan vuran, öz fəaliyyəti ilə vətənpərvərlik hisslərini zədələyən şəxslər cəzasız qalmayacaq və qalmır.

– Belə demək mümkündürmü ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsl vətənpərvərlik nümunəsi oldu?

-Mən bir daha qeyd etmək istərdim ki,  Azərbaycan gəncində vətənpərvərlik hər zaman olub. Azərbaycan insanında hər zaman yurda, torpağa  bağlılıq olub. Bu bağlılq  44 günlük Vətən müharibəsində özünü bir daha parlaq şəkildə göstərdi. Azərbaycan gənci  Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfər tariximizi yazdı. Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin, Biz onları hər zaman ehtiramla anırıq. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı bir daha dərindən öyrənilməlidir. Ura halında deyil, yalnız peşəkarların iştirakı ilə müharibə ədəbiyyatı, müharibə filmləri yaranmalıdır. Bütün bunlar yetişən gənc nəslin vətənpərvərlik ruhunda dərin iz buraxacaq. Sənətə və sənəkarlığa xidmət edən filmlər çəkilməlidir. Əsgərlərimizin keçdiyi döyüş yolu,  onların misilsiz qəhrəmanlığı,  44 günlük  döyüşlərdə Azərbaycan Ordusunun şücaəti  ən yaxşı  film ssenarisi ola bilər. Postmüharibə  dövrü üçün xarakterik olan bir məqamı da vurğulamaq lazımdır. Şəhid ailələrinin, müharibə iştirakçılarının sosial-iqtisadi problemlərinin həlli ilə bağlı kifayət qədər hüquqi baza var. Bu sahədə görülən işləri normal qiymətləndirmək olar. Bütün bu  işlər dövlətin öhdəliyi və vətənpərvərliyə xidmət edən məqamlardır.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir