28 aprel 1920-ci ilin Azərbaycana gətirdiyi fəlakətlərin izi ilə…

Bizim media və QHT təmsilçisi olaraq XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək əsas hədəflərimizdədir. Həmin araşdırmalardan bəzilərini qısa şəkildə təqdim edirik.
1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim, tarix elmləri namizədi Məcid Katibli yazırdı: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”(mənbə. Osman Mirzəyevin tərtib etdiyi “Ağ ləkələr silinir” kitabı 1991-ci il)
Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
Həqiqət bəzən sükuta dalır: 37-yə çatmayan və təqiblərdən ürəyi dayanan Cabbarlı
Azərbaycanın ictimai fikir tarixində Cəfər Cabbarlı əvəzsiz xidmətlər göstərməklə bərabər, millətin ağrılarına da heç zaman biganə qalmayıb. Sovet ədəbiyyatşünaslığında onu bir tərəfli şəkildə sovet yazıçısı, dramaturqu, rejimin tərənnümçüsü kimi təqdim olunmuşdu. Əslində hər şey təqdim olunduğu kimi deyildi. Cəfər Cabbarlı 15 ilə yaxın sovet sistemində yaşayıb yaradıcılıqla məşğul olsa da, o, heç zaman təqiblərdən qurtulmayıb.
Cəfər Cabbarlının 1917-ci ildə yazdığı “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi” kimi pyesləri və ümumilikdə onun yaradıcılığının alt qatında olan məqamlar totalitar rejim dövründə müəllifin başına bəla gətirdi. Onun bəzi əsərləri “pantürkist”, “panislamist” təmayüllü mövzu kimi sovet rejimi tərəfindən qamçılandı.
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlının illər öncə media bir müsabibəsinə rast gəldim. Gülarə xanım bildirib: “Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın “Ədirnə fəthi” və “Ulduz” (“Trablis müharibəsi”) əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur”.
Cəfər Cabbarlının həbs olunmasının digər səbəblərindən biri onun Mirzə Bala Məmmədzadə və Əbdül Vahab Yurdsevər kimi istiqlalaçı insanlarla dostluq etməsi, onlarla birlikdə gizli şəkildə milli dəyərlərə söykənən “İstiqlal” qəzetinin çap etdirməsi olub. “İstiqlal” qəzeti 18 ay – 1922-ci ilin aprelindən 1923-cü ilin oktyabrın 5-dək fəaliyyət göstərmiş və 18 sayı işıq üzü görmüşdü. Qəzetin sonuncu-19-cu nömrəsi isə sovet rejimi əməkdaşları tərəfindən müsadirə olunmuşdu. . “İstiqlal” qəzeti haqqında maraqlı faktlar diqqəti cəlb edir. Cəfər Cabbarlının da müəyyən mənada zəhməti hesabına başa gələn həmin qəzetin (“İstiqlal” qəz., Bakı, 1923, 26 aprel, № 15, səh.1.)15-ci sayında yazılırdı: “Çar Rusiyasında olduğu kimi Bolşevik Rusiyasının da azadlıqsevər Azərbaycan xalqına qarşı eyni işğalçı siyasət yüyrütdüyünü, xalqın sərvətlərini taladığını, haqqını və hüquqlarını tapdaladığını, ölkəyə fəlakətlər gətirdiyini, müqəddəs istiqlal məfkurəsindən əl çəkmək istəməyən ən qiymətli oğullarını məhv etdiyini, sürgünlərə sürüklədiyini dərin bir yanğı ilə vurğulayan istiqlalçılar xalqa müraciətlərini azadlıq mübarizəsinə çağırışla bitirirdilər. İntibahnamənin sonunda deyilirdi: “Ey türk xəlqi! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlan! Səni bu mübarizə xilas edəcəkdir! Azərbaycan istiqlalını bir dəfə qurdun, ikinci dəfə qurmaq bacarığına maliksən! Düşmənini tanı, mali intibahını yüksəlt, həqq səninlədir”.
Bu gün həmin hadisələrə, Cəfər Cabbarlının bütün sferalarda mücadiləsinə sakit şəkildə baxmaq mümkündür. Lakin o zaman, qəddar sovet rejimində belə işlər görmək böyük cəsarət tələb edirdi. O fenomen şəxsiyyət öz haqq yoluna hər zaman sadiq qalaraq öz intellektini millətə sərf etməyə çalışdı. Cəfər Cabbarlı bəlkə də dinc bir dövrdə yaşasaydı onun ömrü qısa olmazdı, o, daha möhtəşəm əsərlər ortalığa qoyardı.
Professor Asif Rüstəmli (“Cəfər Cabbarlı və Milli İstiqlal Hərəkatı” kitab) yazırdı: “Cəfər Cabbarlı 1923-cü il iyun ayının 14-də Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin pleniumunda çox işlədiyi üçün axşam evə yorğun gəlmişdi. MĐK-in materialları üzərindəki işi gecə saat 12-yə qədər uzanmışdı. Küçə qapısının qəfil döyülməsi onu fikrindən ayırdı. Çağırılmamış silahlı qonaqlar evi mühasirəyə almışdı. C.Cabbarlı onları təmkin və təəccüblə qarşıladı, ünvanı səhv saldıqlarını bildirdi. Axtarışı həyata keçirən komissar Danilyan Azərbaycan ÇK-sının sədri Mir Cəfər Bağırovun yenicə imzaladığı 202 saylı orderi ona təqdim etdi. Cəfər gözlərinə inanmırdı”.
Asif Rüstəmli fikrini davam etdirərək yazırdı: (“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı) “Arxiv sənədləri diqqətlə nəzərdən keçirildikcə həbsxana divarları arasında fiziki zorakılığa məruz qalan, qol-qabırğası sındırılan, lakin mənən sınmayan, mətanət və iradə nümayiş etdirən gənc ədibin ləyaqətinə və şəxsiyyətinə heyran qalmamaq mümkünsüzdür. O, ən ağır və dözülməz şəraitdə dostlara və uğrunda mücadilə apardığı ideala xəyanəti təsəvvürünə gətirmək duyğusundan belə uzaq idi. Xüsusilə Mirzə Bala ilə bağlı suallar cavabsız qaldığı üçün Cabbarlıya qarşı intensiv “işgəncə kursu” oktyabrın 5-dən 13-dək davam etdirilmişdir”.
Onu da qeyd etmək lazımdır ki, onu sovet yazıçısı, totalitar quruluşun təbliğatçısı etmək üçün rejim ona davamlı təzyiqlər edirdi. Lakin onun yaradıcılığında, düşüncəsində milli ruh, millətin taleyi, ağrıları hər zaman əsas hədəf olub. Onun yaradıcılığına, həyat yoluna nəzər saldıqda bir oxucu olaraq bizə aydın olur ki, Cəfər Cabbarlı hələ uşaq yaşlarından əhalinin ağır vəziyyətinə, cəmiyyətin sosial təbəqələşməsinə həssaslıqla yanaşıb. Onun, gördükləri bu ağır yük, insanların məşəqqətli həyat tərzi təbii ki, onun ürəyində fəsadlar yaratmalı idi. Görünür, bu, yükə onun ürəyi yalnız 35 il dözə bildi. Bu qısa ömürdə o dahi insan nə qədər işlər görə bildi. Əminliklə demək olar ki, Cabbarlı bütün intellektini cəmiyyətə sərf edə bilmədi.
Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı bizimlə söhbəti zamanı babası haqqında bunları deyib: “Azərbaycan ədəbiyyatının klassiki, böyük dramaturq, görkəmli teatr və kino xadimi Cəfər Cabbarlı 35 illik qısa ömrü boyunca (1899-1934) xalqın maariflənməsi, milli mədəniyyətimizin və incəsənətimizin inkişafı uğrunda fədakarlıqla çalışmış milli sənətkardır. Çox təəssüflər olsun ki, şəxsi həyatı və yaradıcılığının bəzi mühüm məqamları uzun illər, xüsusən sovet dönəmində xalqdan gizli saxlanılmış, bir sıra əsərləri oxuculara yasaq olunmuş, pyesləri teatrların repertuarlarından çıxarılaraq tamaşaları qadağan edilmişdir”.
Əkrəm Bəydəmirli