“Fransanın müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir” – Aydın Hüseynov

 

“Son aylar Azərbaycan-Ermənistan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi rəsmi Parisi narahat edir. Fransa müxtəlif vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Senat Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə Cənubi Qafqazda sülhə qarşı olduğunu növbəti dəfə təsdiqlədi. Qətnamə sonadək qərəzli məzmun­da və böhtan atmaq ruhundadır. Ora­da Ermənistanı və Azərbaycanı sülhə, barışığa səsləyən bir cümlə də yoxdur. Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Göründüyü kimi, fransız senatorların qəbul etdikləri sənədin əhəmiyyətsiz ka­ğız parçası olmasını artıq Fransada və Ermənistanda da anlamağa başlayıblar. Parisin atdığı bu addımlar Azərbayca­nın mövqeyinə təsir edə bilməyəcək”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqla, hətta Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz suverenliyini bərpa edib:

“Görünən odur ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Fransanın maraqlarına uyğun gəlmir. Fransa heç vaxt Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyib. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə nüfuzlu bir ölkədir. Fransa Senatının qəbul etdiyi qətnamə də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir”.