Şəhid Polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədovun Şəhadətə qovuşduğu gündən iki il ötür

Və buna görə mən də Şəhidimiz Sadiq Sadəddin oğlu Məmmədovun ikinci ildönümündə iştirak etdim.
Anım tədbirində Şəhid Anaları,Qax rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra hakimiyyətinin işçiləri, mötəbər qurumların nümayəndələri,rayon ictimaiyyəti,təhsil işçiləri,səhiyyə işçiləri,rayon və kənd məktəblərinin müəllim və şagird kollektivləri,mədəniyyət işçiləri iştirak edirdilər.
Və tədbirdə həmçinin Şəhid Polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədovun hərbçi iş yoldaşı,Qusar rayonundan qızı Səda ilə gəlmiş Gizir Kəmalə Xanım Nəzirova da iştirak edirdi.
Gizir Kəmalə Xanıma yaxınlaşıb ondan Şəhidimiz Sadiq Məmmədov haqqında xatirələrini bizimlə bölüşməyi xahiş edəndə onun yana-yana acı göz yaşlarının axıtdığını gördüm və mən də çox qəhərləndim.
Gizir Kəmalə Xanım Nəzirovanın Şəhidimiz Sadiq Məmmədov haqqında söylədiyi gözəl fikirləri,layiqli kəlmələri eşidəndə isə çox qürurlandım.Böyük kədərimizi bir anlıq unudub İgid,Qəhrəman Şəhidimiz Sadiq Sadəddin oğlu Məmmədovun həmyerlisi olduğuma görə fəxr elədim.
Və bu gün həm də İgid Anası,Qəhrəman bir Oğulun Valideyni Səadət Ananın Sevimli oğlu Sadiq Məmmədov barədə söylədiyi sözlər də çox qürurverici idi.Səadət Ana söylədi ki,Səhid balam,İgid balam müharibə zamanı bizimlə danışanda həmişə dəfələrlə deyirdi ki,can anam,dua edin,hava yaxşı keçsin,yağış yağmasın,başladığımız işimizı uğurla başa çatdıra bilək.
Bax budur Əsl Hərbçi həyatı,bax budur Əsl Vətənpərlik və nəhayət budur Əsl Vətən Övladı olmaq…!

44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hərbçilərimiz öz qəhrəmanlıqları ilə,adlarına layiq ən yeni tarix yazdılar: zəfər tarixi.O tarix ki, əsrlər boyu əbədi yaşayacaq.
Öz canı, qanı bahasına Zəfər tarixini yazan Qəhrəman Şəhidlərimizin cərgəsində “Azərbaycan Bayrağı” ordenli Şəhidimiz Polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədovun da silinməz ayaq izləri, mübarək qədəmləri var.

Qısa haşiyə:Sadiq Sadəddin oğlu Məmmədov 1981-ci ildə Qax şəhərində doğulub.Məmmədovlar ailəsinin ilk övladı idi Sadiq..O,orta məktəb illərində belə öz nümunəvi davranışı,tərbiyəsi ilə başqalarından çox seçilirdi.Sadiq dəfələrlə şahmat və idman yarışlarında birincilik qazanıb.O,1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olunub, 2002-ci ildə leytenant rütbəsi ilə həmin Akademiyanı bitirib.
Salyan rayonunda “N” saylı hərbi hissədə zabit kimi fəaliyyətə başlayıb.Sadiq Məmmədov daha sonra bir neçə hərbi hissədə xidmət göstərib.22 illik hərbi xidmət müddətində nizam-intuzamı, peşəkar döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlara layiq görülüb və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Polkovnik-leytenant Sadiq Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və 2020-ci ilin 27 sentyabrında başlayıb 8 noyabr 2020-ci il tarixində Böyük Zəfərlə yekunlaşan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
39 yaşı var idi İgid,Qəhrəman Şəhidimiz Sadiq Sadəddin oğlu Məmmədovun…O,2020-ci ilin 26 oktyabrında Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.Şəhid Polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədov Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimiz ailəli idi,onun iki oğlu və bir qızı var.
Şəhid Polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədov hərbi fəaliyyətinə görə müxtəlif illərdə və ölümündən sonra aşağıda adlarını qeyd etdiyim orden və medallarla təltif olunub.
1.”Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı.(26.06.2008)
2.”Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı.(26.06.2013)
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. (26.06.2015)
4.”Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” yubiley medalı. (26.06.2018)
5.”Qüsürsuz xidmətə görə” 2-ci dərəcəli medal. (26.06.2020)
6.”Vətən uğrunda”medalı,ölümündən sonra.(15.12.2020)
7.”Azərbaycan Bayrağı” ordeni,ölümündən sonra. (15.12.2020)
8.”Xocavəndin azad olunmasına görə” medalı ölümündən sonra. (25.12.2020)
9.”Cəbrayılın azad olunmasına görə” medalı ölümündən sonra. (24.06.2021)
10.”Füzulinin azad olunmasına görə” medalı ölümündən sonra.(24.06.2021)

Xalq Şairi Məmməd Arazın təbirincə desək,
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda,nə vaxt,nə dərdim-
Xəzanımdır,xəzanımdır,xəzanım.
Vətənin daşında,qayasında bitən Oğullar,
Uğrunda can verdiyiniz Vətənin Üç rəngli bayrağına sarılan İgidlər,
Cənnətiniz geniş olsun.Çünki Sizlər buna çox layiqsiniz.
Haqqınızı heç cür ödəyə bilmərik.Ömrümüzün sonuna qədər Hər birinizə çox borcluyuq,lap çox!
Haqqınızı halal edin bizə.

Dərin ehtiramla,Şairə Solmaz Elqızı.