Azərbaycanlı iş adamından Ukrayna ordusuna böyük dəstək – Dördüncü dəfə 1 milyon maliyyə yardımı etdi

“Ta qədim zamanlardan bu yana aqillər haqlı olaraq deyərdilər ki, insanı sözlərinə görə yox, əməllərinə görə tanı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyev də Vətənə sədaqətlə xidmət etməsini elə məhz öz əməllərilə göstərib və göstərir. Oktay Əfəndiyev artıq dördüncü dəfədir ki, Ukrayna ordusuna 1 milyon qrivna məbləğində maliyyə yardımı edir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov özünün “feysbuk” hesabında paylaşım edib.

O, bildirib ki, təvazökarlığı ilə seçilən Oktay Əfəndiyev özü bunu xoşlamasa da, onun əməllərinin ictimailəşdirilməsi olduqca vacibdir: “Əfəndiyev nümunəsi Azərbaycan xalqının xeyirxahlıq, darda olana əl tutmaq kimi nəcib keyfiyyətlərini büruzə verməklə başqalarını da hərəkətə gətirməlidir. Oktay Əfəndiyev Ukrayna Ordusuna maliyyə yardımlarından əlavə, ərazi müdafiə dəstələrinə və maddi sıxıntıya düçar olan mülki əhaliyə də ərzaq yardımları göstərir…”

 

Xatırladaq ki, uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş Oktay Əfəndiyev müharibənin ilk günlərindən öz komandasıyla birlikdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan insanlara maddi və mənəvi yardımlar edir.

O, bundan öncə də Ukayna Ordusunun yardım fonduna 3 dəfə milyon qrivna məbləğində vəsait köçürüb.İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastrukturların bərpasında yaxından iştirak edir və Ukraynanın müxtəlif bölgələrində şəxsi hesabına ərzaq yardımları paylayır.

Onu da qeyd edək ki, Oktay Əfəndiyev 2006-cı ildə ölkə başçısı tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilib.

“AzPolitika.info”