Azərbaycan və İran dövləti arasında çoxəsrlik tarixi, mədəni, iqtisadi əlaqələr, eyni zamanda da qonşuluq münasibətləri mövcud olmuşdur. Qurulmuş bütün sahələr üzrə əlaqələrə və qonşuluq siyasətinə Azərbaycan dövləti hər zaman xoş münasibətini, dürstlüyünü, qətiyyətliliyini nümayiş etdirmiş, eyni zamanda da xalqlarımız arasında çoxəsrlik qonşuluq münasibətlərinə də sadiq olmuşdur. Çox təəsüf ki, İran dövlətinin rəsmi və dini şəxsləri tərəfindən tarixin müəyyən dövrlərində bu münasibətləri pozmağa çalışan, dövlətlərarası münasibətlərə xələl gətirən, qeyri adekvat mövqe sərgiləyənlər olmuşdur.
Qeyri adekvat, qonşuluq münasibətlərinə uyğun gəlməyən davranışlar bu gün də İran dövləti və rəsmiləri tərəfindən nümayiş olunmaqdadır. 1990-cı ildən başlayaraq, 44 günlük Vətən müharibəsi və möhtəşəm zəfərimizdən sonra da İranın ölkəmizə qarşı apardığı siyasət, yanaşma qərəzli olmuşdur. Bu da Türk xalqı, Türk gəncliyi tərəfindən haqlı narazılığa səbəb olub və tez bir zamanda bu kimi yanlış davranışların, qərəzli yanaşmaların bitməsini tələb edirik.
Azərbaycan müstəqil, suveren, dünyəvi Türk dövlətidir. Dövlətimizin hər zaman dünyada, eyni zamanda bölgədə sülhə tərəfdar olması, mehriban qonşuluq siyasətinin, mədəni, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı tərəf, hətta təşəbbüskar kimi çıxış etməsi bir daha dövlətimizin xoş məramının təzahürüdür. Bu xoş və ülvi münasibətlərin qonşu dövlətlər tərəfindən də ölkəmizə qarşı bəslənməsini arzu edərdik.
Cənab səfir, bir daha sizdən Azərbaycan Türk gəncliyinin məlum məsələlərlə bağlı narazılığını, narahatlığını ölkənizə çatdırmanızı xahiş edirik. Əminik ki, yaranmış gərginlik aradan qalxacaq və İran dövləti müstəqil, suveren, müzəffər Azərbaycan Dövlətinə, xalqına hörmətlə yanaşacaq,qərəzli mövqeyindən əl çəkəcəkdir.
Hörmətlə,
Pərviz Usubov
“Gənclərin Təşəbbüs Qrupu”nun sədri
Bakı şəhəri, 23 sentyabr 2021-ci il