Avadanlıq daşıyan ABŞ gəmisi Yaxın Şərqə yola düşüb

Qəzzada müvəqqəti körpü tikmək üçün avadanlıq daşıyan ABŞ ordusuna məxsus gəmi ABŞ prezidenti Co Baydenin yüz minlərlə fələstinlinin mühasirəyə alındığı anklavlara dəniz yolu ilə yardımın çatdırılmasını sürətləndirməyi planlaşdırdığını elan etməsindən üç gün sonra bazar günü Aralıq dənizinə doğru yola çıxıb.

Dəniz dəhlizinin açılması ABŞ, İordaniya və digərlərinin hava zərbələri ilə birlikdə Qəzzanın humanitar böhranı ilə bağlı artan həyəcanı və İsrailin quru daşımalar üzərində nəzarətindən yan keçmək istəyini göstərir.

İsrail dəniz tədarüklərini alqışladığını və Qəzzaya gedən yükləri yaxınlıqdakı Kiprdə hazırlıq zonasını tərk etməzdən əvvəl yoxlayacağını bildiribi.

Son beş ayda qurudan Qəzzaya daxil olan yardım maşınlarının gündəlik sayı İsrailin məhdudiyyətləri və təhlükəsizlik problemləri səbəbindən müharibədən əvvəl daxil olan 500-dən çox az olub.

Bu arada Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı ictimai tənqidini artırıb.

Bayden Netanyahunun Qəzzada HƏMAS-a qarşı apardığı müharibənin altıncı ayına yaxınlaşması ilə bağlı “İsrailə kömək etməkdən daha çox İsrailə zərər verdiyinə” inandığını deyib.

Şənbə günü MSNBC-nin müxbiri Conatan Keyphartla danışan prezident yaraqlıların 7 oktyabrda İsrailin cənubuna hücumundan sonra İsrailin HƏMAS-ı təqib etmək hüququna dəstəyini ifadə etsə də, Netanyahu “görülən tədbirlər nəticəsində günahsız insanların həlak olmasına daha çox diqqət yetirməlidir” deyib. O, əlavə edib ki, “daha 30 000 fələstinlini öldürə bilməzsiniz”.

Qəzzada fələstinlilərin itkiləri artmaqda davam edir. Mülki Müdafiə Nazirliyi bildirib ki, şənbə günü axşam saatlarında İsrailin Qəzza şəhərində bir evə endirdiyi hava hücumunda uşaqlar da daxil olmaqla, ən azı doqquz fələstinli həlak olub.

Associated Press jurnalistinin verdiyi məlumata görə, bazar günü qadın və uşaqlar da daxil olmaqla, 13 nəfərin cəsədi mərkəzi Deyr əl-Bəlah şəhərindəki əsas xəstəxanaya aparılıb.

Qurbanların qohumları bildirib ki, 13 nəfər İsrailin Xan Yunis şəhərinin şərqi sahil bölgəsində məcburi köçkün fələstinlilər üçün böyük çadır düşərgəsinə doğru açdığı atəş nəticəsində həlak olub.

Qəzzanın Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, müharibə başlayandan bəri ən azı 30 960 fələstinli həlak olub.