Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 29 gündür ki, davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya Şuşa-Xankəndi yolunda təşkil olunsa da, yolun humanitar məqsədlər üçün açıq olduğu bildirilir.
Belə ki, aksiya iştirakçıları sülhməramlılara məxsus təminat avtomobillərinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradırlar. Demək olar ki, hər gün Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillər və yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Ermənistana gedirlər.
Məlumat üçün qeyd edək ki, təkcə bu gün ərzində RSK-yə məxsus 2-si minik, 23-ü isə yük maşını olmaqla 25 nəqliyyat vasitəsi Şuşa-Xankəndi yolundan maneəsiz şəkildə keçid edib.
Hərbi maşınlarla humanitar xidmət göstərdiyi deyilən sülhməramlıların hər gün yoxlanışdan keçmədən, maneəsiz və rahat şəkildə Ermənistana və əksinə səfəri bir sıra suallar yaradır. Şübhə doğuran məqam odur ki, Qarabağdakı separatçılar bu avtomobillərdən silah daşıya və digər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edə bilərlər. Əlbəttə, bu şübhələri əsassız adlandırmaq düzgün olmazdı. Çünki rus sülhməramlıları öz qanunsuz əmələri ilə bir neçə dəfə bu şübhələri haqlı çıxarıblar. Məsələn, ötən ilin iyul ayında Azərbaycan hərbçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlamışdı. Yoxlamalar zamanı maşınlardan birinin yük bölməsində 5 ədəd “Kalaşnikov” avtomatı aşkar edilmiş, bundan sonra karvan geri göndərilmişdi. Ona görə də hazırda təchizat, humanitar yardım adı altında ərazidə hərəkət edən maşınlarda daşınan yüklərlə bağlı şübhələrin olması başadüşüləndir.
Bəs sülhməramlı konitingent hər gün Şuşa-Xankəndi yolu ilə nə daşıyır?
Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, daşımaların həyata keçirilməsi iki istiqamətdə ola bilər: “Birincisi, Rusiya sülhməramlı kontingentinin özünün hərbi tələbatlarını həyata keçirmək yönündə, xüsusən də yanacaq və ərzağın komplektləşdirilməsi, bu ərazidəki 1960 nəfərlik heyətin gündəlik tələbatlarının ödənilməsi istiqamətində daşımalar ola bilər. İkincisi, bu yolla humanitar yük daşımaları adı altında Qarabağdakı separatçı rejimin ilkin ehtiyacları (tibbi və ərzaq vasitələri) təmin oluna bilər”.
Ekspert “Qeyri-qanuni birləşmələrin silahlanması üçün hərbi avadanlığın daşınması mümkündürmü?” sualını belə cavablandırıb: “Əgər biz yüklərin praktiki olaraq keçirilməsinə nəzarət edə bilmiriksə, yəni Rusiya sülhməramlılarının nəzarətində olan avtomobilləri yoxlaya bilmiriksə, deməli bu yüklərin içərisində hər şey ola bilər. Ermənistan əvvələr də bu bölgədə hərbi texniki avadanlıqların daşınmasını həyata keçirirdi. İndi rusların vasitəsilə bunu edə bilərlərmi? Təbii ki, edə bilərlər. Bu ehtimalları sıfırlamaq üçün biz ilk növbədə həmin avtomobillərə nəzarət etməliyik”.
Ekspert bunun üçün ərazidə sərhəd-gömrük və polis məntəqələrinin quraşdırılmasının zəruri olduğunu vurğulayır: “Bu şübhələrə son qoymaq üçün həmin avtomobillər bizim gömrük məntəqələrimizdən yoxlanıldıqdan sonra buraxılmalıdır. Sonrakı mərhələdə biz nəyin keçib-keçmədiyini artıq dəqiq deyə bilərik. Bu baş vermədiyi müddətcə, təbii ki, qeyd etdiyimiz ehtimalların baş verməsi mümkündür”.