ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.
Bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin ofisi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş baş tutub.
“Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-nin rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların vacibliyini və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə nail olunmasının vacibliyinə diqqət çəkiblər”, – məlumatda qeyd edilib.
Həmçinin Dövlət Departamentinin nümayəndəsinin ABŞ-nin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.
Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.