Beynəlxalq Muğam Mərkəzində “Dədə Ələsgər işığında saz-söz axşamı” adlı konsert keçirilib

27 Mart 2024-cü ildə, Aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Azərbaycanın əzəli torpağı olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açan Dədə Ələsgərin doğum günü münasibəti ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə, Beynəlxalq Muğam Mərkəzində “Dədə Ələsgər işığında saz-söz axşamı” adlı konsert keçirilib.
İlk öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Azərbaycan Tibb Universiteti Epidemiologiya və Biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim, Rusiya Təbiyyət Elmləri akademiyasının akademiki İbadulla Ağayev çıxış edərək, Dədə Ələsgərin Azərbaycan poeziyasına gətirdiyi yenilikləri və əvvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Bildirilib ki, Aşıq Ələsgərin 200 illiyi dönəmində ustad aşığın zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği yolunda böyük işlər görülüb. Mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşmaq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Aşıq Ələsgərin yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə dövlət səviyyəsində qeyd edilmişdir. Bu gündə həmin siyasət uğurla davam etdirilir.
Konsert zamanı Azərbaycan ədəbiyyatına, Azərbaycan aşıq poeziyasına və xüsusilə Dədə Ələsgər yaradıcılığına göstərdiyi xidmətlərinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvləri iqtisad elmləri doktoru şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, tibb elmləri doktoru, professor İbadulla Ağayev və Əməkdar mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent, aşıq Nemət Qasımlı birliyin ən ali mükafatı “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif ediliblər.
Konsertdə çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü, aşıq Ramin Qarayev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı, aşıq Kamalə Qubadlı, gənc xanəndə Mehranə Vəliqızı, aşıq Rəfiqə Göyçəli, xanəndə Ehtiram Hüseynov, Beynəlxalq Muğam Mərkəzinin salisti xanəndə Nisbət Sədrayeva, Əməkdar mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı, aşıq Afil Bəxtiyar, aşıq Əli Zeynalibdinov, aşıq Xanlar Alqayıt, “Aşıq Valeh” İctimai Birliyinin nəzdində “Nənə-Qızlar” folklor ansamblı, Azərbaycanın əməkdar mədəniyyət işçisi, aşıq Bəhmən Göyçəli, aşıq Təbriz Vəliyev, Kərəm Vəliyev, balabanda əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov və Əziz Göyçəli ifa edərək ustad aşıq Dədə Ələsgərin sözlərini səsləndriblər. Tamaşaçılar çıxışçıları alqışlarla qarşılayıblar.