“Böyük Qələbə” adlı beynəlxalq karate yarışına həsr olunmuş seminar keçirilib

Oktyabrın 15-də Dənizkənarı Bulvar ərazisində Müdafiə, Gənclər və İdman nazirliklərinin dəstəyi, Veteran Tankçılar İctimai Birliyi, Azərbaycan Milli Karate Federasiyası, Dağ Yəhudiləri Dini İcması və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsini yaşatmaq üçün “Böyük Qələbə” adlı beynəlxalq karate yarışına həsr olunmuş seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar məhz oktyabrın 15-də təşkil olunub.

Tədbirdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, veteran tankçılar, qazilər, Gənclər və İdman Nazirliyinin əməkdaşları, Dağ Yəhudiləri Dini İcmasının, Azərbaycan Milli Karate Federasiyasının (AMKF), Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları, məşqçilər, tanınmış idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AMKF-nın prezidenti Yaşar Bəşirov və Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov çıxış edərək qeyd ediblər ki, seminarın əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yad etmək, onların adını daim əziz və uca tutmaq, gənclərimizdə idman və hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək və Azərbaycanda multikultural, tolerantlıq ənənələrinin dayaqlarının möhkəmləndirilməsinə töhfə verməkdir. Eyni zamanda bu seminar noyabrda keçiriləcək beynəlxalq karate yarışına hazırlıq xarakteri daşıyır.

Seminar karateçilərimizin yürüşü və məşqləri ilə yekunlaşıb.