“Belə getsə, separatçılar Qarabağda mülki əhalini də atəşə tutuacaq”

Ermənistan tərəfi artıq neçə vaxtdır davamlı olaraq mövqelərimizi atəşə tutur.

Belə ki, iyunun 7-si saat 13:35-dən axşam saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonlarındakı mövqeləri, axşam saatlarında isə Ermənistan ərazisindən Laçın rayonu istiqamətində yerləşən bölmələrimiz atıcı silahlardan atəşə tutulub.

Ermənistanın mütəmadi xarakter alan təxribatlarının məqsədi nədir?

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a açıqlamasında bildirib ki, 2025-ci ilə doğru Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxma vaxtı yaxınlaşır. Bu səbədən bu cür təxribatların sayı artacaq.

Ekspertin sözlərinə görə, separatçıların kökü qazılmayana qədər atəşkəs həmişə pozulacaq:

“Qeyri-qanuni erməni silahlı birləşmələri rusların təhriki ilə tez-tez təxribatlar törədəcəklər. Rusiyanın məqsədi bəllidir. Dəfələrlə bildiriblər ki, üçtərəfli bəyanatdan kənar hər hansı müzakirəni məqbul saymırlar. Rusiya terroru və separatizmi dəstəkləyən ölkədir. Bunu dünya dövlətlərinin parlamentləri artıq qəbul edir. Nə qədər ki, separatçılara ruh verən Rubenlər, Araiklər ordan rədd olmayıb, atəşkəs həmişə pozulacaq”.

Ü.Cəfərov qeyd edib ki, Ermənistan tərəfi imitasiya ilə məşğuldur:

“Sülh danışıqları aparan dövlət öz ordusuna və davranışlarına nəzarət edər. Ermənistan isə həm mayda, həm də iyunun əvvəllərində qəsdən atəşkəsi pozub. Rusiya isə 2020-ci il 9 noyabr sənədinin 4-cü bəndinə əsasən üzərinə götürdüyü qeyri-qanuni silahlı birləşmələrin Qarabağdan çıxarılması öhdəliyini yerinə yetirməyib. Ordan bir nəfər belə separatçı çıxarılmayıb. Noyabrda artıq 3 il olcaq. Əksinə, Rusiya separatçıları daha da silahlandırır, hazırlayır. Görünən mənzərə budur ki, biz sülhməramlıları qoynumuzda əfi ilan kimi bəsləyirik”.

Üzeyir Cəfərov qeyd edib ki, sabah separatçılar ruslarla birlikdə mülki əhalinin yerləşdiyi ərazilərə də atəş açacaqlar:

“Öz əziyyətimizə heyifsilənirəm. Biz Şuşada və işğaldan azad olmuş digər ərazilərdə böyük tikinti-quruculuq işləri aparırıq. Separatçıların kökünü kəsməsək, sabah mülki əhalinin yaşadığı ərazilərə də atəş açacaqlar. Guya bunlar kənd təsərrüfatı işləri aparırlar. Amma orda səngər qazırlar, müharibəyə hazırlaşırlar. Rusiya heç vaxt dayanmayacaq. Bölgədə daha 5 il qalmaq onlar üçün çox vacibdir. Bu gün Rusiya ona görə narahatdır ki, sabah sülh imzalansa, onun burda işi qalmayacaq. Rusun əsas məqsədi məsələni uzatmaqdır. Keçən il Putin də dedi ki, biz bu məsələnin gələcək nəsilə saxlanılmasının tərəfdarıyıq. Demək ki, onlar separatçıları dəstəkləmək tərəfdarıdırlar. Təxribatlar törədərk görüntü yaradırlar ki, biz hələ burdayıq, bu hadisələr baş verir, biz getsək, sabah azərbaycanlılar erməniləri qıracaqlar. Rusiyanın ortaya qoyduğu mövqe budur. Məqsəd Azərbaycan üçün əlavə problemlər yaratmaqdır”.