Dünyanın gözü bu görüşdə: Avropada viza və immiqrasiya ilə bağlı kritik qərarlar veriləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri illərlə dalana dirənmiş İmmiqrasiya və Sığınacaq Paketi ilə bağlı kompromis əldə etmək üçün sabah bir araya gələcək.

Dunyaxeber.org xəbər verir ki, 2015-ci ildəki miqrasiya böhranından bəri Aİ sığınacaq axtaranların üzv dövlətlər arasında necə bölüşdürülməsi və sığınacaq müraciətləri rədd edilənlərin geri qaytarılması ilə bağlı həll yolları axtarır.

Aİ Komissiyasının bu məqsədlə hazırladığı bir sıra qanunvericilik təklifləri, yol xəritələri və tövsiyələrdən ibarət olan “miqrasiya və sığınacaq paketi” üzv dövlətlərin fərqli yanaşmaları səbəbindən qəbul edilə bilməyib.

Ötən il Aİ-də sədrlik dövründə Fransa paket üzrə irəliləyiş üçün “addım-addım yanaşma”nı qəbul etdi və paketin 2 elementi, yəni Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsi və üzv dövlətlər arasında həmrəylik mexanizminin yaradılması üzrə irəliləyiş əldə edilib.

Lüksemburqda sabah başlayacaq və iki gün davam edəcək daxili işlər nazirlərinin toplantısında bu iki məsələ ilə bağlı konsensusun əldə edilməsi hədəflənir.

Bütün üzv dövlətlər sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı razılığa gəlir, lakin “həmrəylik və məsuliyyət” xəttində hələ də anlaşılmaz məqamlar var.

Aİ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, bütün üzv dövlətlər sığınacaq axtaranların hər bir ölkəyə məcburi dağıdılmasının olmayacağını qəbul edirlər. Əvəzində hər bir ölkənin bəyan edəcəyi imkanlar nəzərə alınacaq.

Digər tərəfdən, həmrəylik mexanizmi çərçivəsində nisbətən az sayda qaçqını qəbul edən ölkələr onlara maliyyə yardımı və kadr yardımı göstərəcək.

Hər il 30 min qaçqının Aİ daxilində məskunlaşacağı, sığınacaq axtaranları qəbul etməkdən imtina edən ölkənin hər qaçqına görə 22 min avro ödəyəcəyi qeyd edilsə də, rəqəmlər razılaşdırılmayıb.

Sözügedən məmur bildirib ki, paket üzrə səsvermə yekdilliklə deyil, ixtisaslı səs çoxluğu prinsipi əsasında aparılacaq. Rəsmi buna görə də üzv ölkələrin paketə veto qoymasının qarşısı alındığından, kompromis əldə olunacağına ümid etdiyini qeyd edib.

2022-ci il “Aİ-nin miqrasiya böhranından bəri görünməmiş səviyyədə qeyri-qanuni miqrasiya aldığı il” kimi qeyd edilib.

2022-ci ildə Aİ-yə 330 qeyri-qanuni giriş edilib ki, bu da əvvəlki ilə nisbətən yüzdə 64 artım deməkdir.

Eltac/Turkustan.az