ADY-də bir ilk – Dəmiryolçu övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününündə bir arada


“Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilmiş tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.

Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib. 

Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb. 

Eyni zamanda onlar gənc cüdoçuların xalça üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə etmişdilər. Əlavə olaraq bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib. 

 

Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının ”Teknofest-2022” festivalının qaliblərinin, ‘’AzerRobot Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi tədbirin yadda qalan olmasına xüsusi töhfə verib.

 

 






Mənbə