“Rusiya ilə NATO ölkələri arasındakı qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək”.
Bu fikri Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev səsləndirib. Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.
Maraqlıdır, rusiyalı rəsminin bu açıqlaması reallığa nə dərəcə yaxındır? Qərbin bu təhdidə adekvat addımı nə ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Medvedevin bu açıqlamasının arxasında ciddiyətin dayanmadığını düşünür:
“Dünyanı bu cür təhdidlərlə qorxutmaq aktı dəfələrlə olub. Bu, sadəcə qorxunun yox, həm də acizliyin nümunəsidir. Rusiya müharibədəki hərbi uğursuzluğunu görür, Qərbin Ukraynaya hərbi təchizatı davam etdirəcəyini hiss etdiyi üçün bu cür təhdidlərə əl atır. Medvedev daha dövlət adamı imicini itirib. Onun həyat tərzi, alkoqoldan asılılığı o səviyyəyədədir ki, artıq Qərb Medvedevi ciddi dövlət adamı, siyasətçi kimi qəbul etmir. Əvvəllər bu statsuda Jironovski çıxış edirdi”.
Müsahibimiz bildirib ki, Medvedevin bu sözlərinin arxasında praktik olaraq heç bir plan dayanmır:
“Unutmayaq ki, nüvə silahından istifadə təhlükəli olduğu qədər həm də qarşılıqlıdır. Yəni nüvə silahı istifadə olunarsa, buna qarşılıq verilə bilər, Qərbin buna imkanı var. Rusiya bunu anlayır. Medvedev belə açıqlama verərkən nüvə silahından nə üçün istifadə olunacağını bildirmir. Bu addımın nəticələri ağır ola bilər. Rusiya və rəhbərləri bunun altından qalxa bilməz. Əvvəllər Qərb dünyası bu açıqlamarla bağlı narahatlığını bildirirdisə, artıq Qərb bu yöndə açıqlamalar vermir. Qərb üçün bu mərhələ aşılıb. Qərb bilir ki, Rusiya da bu cür nüvə zərbələrini qəbul etməyə hazır deyil. Belə bir təhlükənin olacağı halda, məncə, Qərbin əvvəldən düşünülüb hazırlanmış planı mövcuddur”.
Ekspert Rusiyanın Ukrayna ilə danışıqlar masasına bir halda otura biləcəyini iddia edir:
“Yəqin ki, Ukraynın əks hücumlarından sonra işğalda olan bəzi ərazilər azad edildikdə dünya gücləri dövriyəyə girərək Rusiya və Ukraynanı masaya oturda biləcək. Bununla da atəşkəsi və sülhü təmin etmək mümkün olacaq. Rusiya cəbhədə məğlub olmasa, danışıqlara getməyəcək”.