“XƏZƏRGÖZLÜ HƏKİM QIZ” HEKAYƏSİ

44gün.org
Dənizin alt qatı üst hissəsindən daha  təlatümlüdür. Bəzən səssizliyin arxasında çox böyük bir mənanın dayandığını görürük. Bu gün də, əziz oxucum, Azərbaycan tibb sahəsində öz uğurları ilə imza atan, dünyaya işıq bəxş edən,öz ruhundan insanlara nemət bəxş edən xanım, tibb elmləri doktoru, həkim-oftalmloq Fərəh Abduləliyeva şəxsiyyətini sizinlə birgə tanımaq istəyirəm.
 İlk baxışdan səbrli, sakit səssiz görünür. Lakin bu hiss olunur ki, o,  səssizliyi ilə öz sözünü deyənlərdəndir. Görək ilkin təəssüratımız bizi yanıtmır ki?
-Xoş görüdük. Necəsiniz? 
Üzündə həlim, xoş bir təbəssümlə:
-Təşəkkür edirəm. Yaxşı olasınız.
-Fərəh xanım, İnsanın hansı yeri ağrıyırsa, o yeri daha dəyərli olur. Əlimiz, qolumuz, ürəyimiz ağrıyarsa onu dünya işığı ilə ovundururuq. Amma gözümüzün nisgili bizi dünya işığından, dünya təmasından məhrum edir.  Dünya işığını özünə məlhəm seçən Fərəh xanım, bütün bunları öz təbirincə necə qiymətlndirər?
-Əlbttə, göz həkimi olmaq çox məsuliyyti bir işdir. Həkim olmaq, xüsusən də cərrah olmaq, hətta bunu  icra etmək çox azdır. Gərək bu işi mükəmməl həyata keçirəsən. Sən insanların həyatını, oun dünyaya görən tərəfini öz öhdənə götürürsən. Məhz buna görə də hər bir əməliyyat bizim üçün böyük məsuliyyətdir. Sizə bir etiraf edim, əvvəllər əməliyyatlar mənim üçün bir həyəcan, bir iş idisə, indi bu artıq bir zövqə, bir bayrama çevrilir. Düşünürəm ki, işini sevən istənilən cərrah üçün bu belədir. Baxmayaraq ki, əməliyyatlar müxtəlif olur, diaqnozuna vəziyyətinə görə dəyişir. Bəzən çox çətin olur. Lakin buna baxmayaraq mən hər bir əməliyyatdan xüsusi zövq alıram. Və Hamısıahıma şükr edirəm  ki, mən bu dərəcədə məhz insanlar bu formada xidmət edə bilirəm.
İşindən danışdıqca üzündə qəribə bir xoş ifadə, gözlərində isə sevgi işartısı sezilir. 
-Fərəh xanım siz danışırsınız. Sizi diqqətlə izləyirəm, üzünüzdəki şövqü sezirəm. Cəmiyyətin uğuru həm də ziyalı qadınlarımızın fəaliyyətidir. Uğur qazanmağın isə yeganə şərti səbrdir. Və sizin hər bir tərzinizdə biz bu səbri görürük. Ümumiyyətlə, xəstələrlə işləmək çox çətindir. İnsan həyatı kitablardan deyil, təcrübələrdən öyrənir. Maraqlıdır bu gün Fərəh xanım öz təcrübəsində ən çox nəyə əsaslanır? Uğura çatmaq istəyən, lakin hansısa mərhələdə dayanan insanlara tövsiyyəniz nə olardı?
Bir az fikrə dalır. Hiss olunur ki, verdiyi hər cavab onun üçün çox əhəmiyyətlidir. 
-Siz bayaq qeyd etdiniz ki, uğura çatmaq üçün əsas səbr vacibdir. Lakin bu fikirlə mən tam razı deyiləm. Uğura çatmaq üçün səbrlə bərabər həm də işgüzarlıq və özünəinamdır. Çünki hər bir məqsədə çatmaq üçün insan gərək əzmlə çalışsın. Həkim isə ömür boyu çalışmalıdır. Çünki hər dövrün öz yenilikləri, avandanlıqları olur. Biz də dünyaya inteqrasiya üçün bütün bunları öyrənməliyik. Çox sevindirici haldır ki, oftalmolmologiya üzrə  hər hansı bir yenilikləri biz də öz ölkəmizdə tətbiq edirik. Mən bir şeyi də əlavə etmək istərdim. Ümumiyyətlə, həyatın  mənası sevgidir. İşini sevmək, insanları sevmək çox vacibdir.
-Tamamilə doğrudur, Fərəh xanım. Bizim qismətimizə yazılan tale yüklü əməllərimiz və onu yaradan sevgi üçün Tanrıya şükranlığımız var. Bu gün Fərəh xanıma desələr ki, xoşbəxtliyin tərifini ver. Nə deyərdi?
O, sanki bu suala hazır idi. Heç düşünmədən cavab verdi.
– Mən ümumiyyətlə,  günü bu gün də özümü xoşbəxt hiss edirəm. Soruşsanız nəyə görə? Deyərdim, ən çox ona görə ki, sevdiyim sənətimlə məşğulam. Gözəl ailəm var, yaxşı qızım var, kürəkənim var, qızımın ailəsi xoşbəxtdir,  nəvələrim var. Və mən  bütün bunları izlədikcə fəxr edirəm.
-Söhbət əsnasında cümlələrinizi “var” kəlməsi ilə qurmaq insanın həyata baxışının nümunəsidir. Təbii ki, hər bir insanın var olduğu qədər, yox dediyi məqamlar da var. Amma var olanı görmək insanın böyüklüyündən, Tanrıya tapınmağından xəbər verir. Elə söhbətimizin əvvəlinə xitab etsək, uğurun ən birinci səbəblərindən biri də məhz budur.
Düşünürəm ki, insanın həyat meyarı sevgidirsə, demək o, özünü Tanrının, təbiətin ayrılmaz parçası sayır. Maraqlıdır, görəsən onun təbiətə münasibəti necədir?
-Təbiət insan ruhunun təcəssümüdür. Biz dağlarla təmasda olanda, çəməni oxşayanda özünəməxsus hisslər yaşayırırq. Amma insan məhz dənizlə, xüsusən də ölkəmizin dilbər guşəsi  Xəzərlə ünsiyyətdə olanda, onun ətrini duyanda sanki özü-özünə hesabat verirmiş kimi onunla üzbəüz dayanır.
-Bilirsiniz, ümumiyyətlə bu həyatda, bu dünyada ən çox sevib, tapındığım nemət dənizdir.  Məhz dənizə baxanda mən xatirələrə dalıram. Həyat baxmayaraq ki, çox uzundur. Lakin dənizə baxıb insan özü ilə danışanda düşünür ki, hələ mən nə yaşamışam ki? Insanın bütün həyatı, keçmiş və gələcəyi məhz dənizə baxanda insanın gözünün qabağından keçir. Biz ömür boyu çalışaraq yaşayırıq. Və bəzən istəyirik ki, tamamilə uzaq bir yerdə başımızı dinləndirək. Düzdür, çox zaman ona vaxtımız olmur. Amma dəniz bir az bizə əlçatandır. Və biz dənizlə təmasda olanda bir anlıq özümüzə qapanıb xəyallara qapanırıq.
-Fərəh xanım xəyallara dalanda bu yaşda, bu anda, bu mövqedə dönüb arxaya baxanda öz dünyasını nə rəngdə görür?
-Çox yaxşı sualdır. Uşaqlığım tamamilə fərqli rəngdə olub. İndi düşünəndə görürəm ki, həyatımın rəngi atam dünyasını dəyişəndən sonra  dəyişib. Atamı 12 yaşında itirmişəm.Mənim üçün artıq ondan əvvəl və ondan sonrakı həyat var. Ondan sonra rənglər müxtəlif olub. Amma nə olur olsun, o, əvvəlki rəngi qaytarmaq olmaz. Uşaqlığın rəngi  tamamilə fərqlidir.
-Doğrudur. Fərəh xanım bir övlad kimi həyatın rənginə qiymət verir. Amma bu bu gün Frəh xanım artıq bir anadır, nənədir. Bəs övladlı həyatının rəngi və qiyməti necədir?
Bu barədə sual verəndə onun simasında xoş bir təbəssüm yaranır. 
-Övladlıq belədir ki, biz hər zaman anamıza, atamıza bağlı olmuşuq. Əlbəttə mənim üçün anam və atam çox qiymətlidir. Qeyd etdiyim ki, 12 yaşından atamı itirmişəm. Anam bizi tək böyüdüb, boya-başa çatdırıb, təhsil verib. Biz iki bacıyıq. İndi valideynəm. Mənim bir qızım var. Mən çalışmışam qızımla dost olum. Təbii ki,  bəzən istəmişəm ki, onu hər hansı bir istiqamətə yönəldim. Amma yenə özümü saxlamışam düşünmüşəm ki, qoy onun özünün istədiyi kimi olsun. Mən yalnız bu yolda ona dəstəkçi ola bilərəm.
Söhbətimizin bu məqamında mən onun qızının ona olan sualını təqdim etməyə hazırlaşıram. 
-Fərəh xanım, insan şəxsiyyətinin tərənnümü üçün bir neçə insanları, xüsusən də daha yaxın olanların, doğmaların fikri daha önəmlidir. Biz də öz növbəmizdə məhz sizin üçün sizə maraqlı olan bir insanın sualını ünvanlayacağıq. Zamanında sizin keçirdiyiniz hissləri bu gün sizə qarşı yaşayan biri var.Sizcə bu kim ola bilər?
– Mən bildim kimdir?
-Kimdir?
-Qızımdır.
Qızı Nəzrin:
Anam hər zaman mənim təhsilimə xüsusi önəm verib. Daima maraqlanıb, daima kömək edib. Hətta uşaqlıq xatirələrimdən yadımdadır ki, o daima öz üzərində də çalışırdı. Özü də oxuyurdu.  Bunun üçün o müxtəlif ölkələrə gedirdi. Öz peşəsinin inkişafı yönündə çox çalışırdı. Həmçinin mənə də diqqət ayırmağı unutmayıb. Daima yanımda istəniləm məsələdə öz düzgün məsləhətlərini verib. Bu gün mən sizin vasitənizlə ona təşəkkür edirəm. Mənim anam çox yaradıcı insandır. Onun yaradıcı ruhu var. Xobbiləri var. O gözəl rəsm çəkir, gözəl paltarlar tikir. Bu xüsusiyyətlər şübhəsiz ki, onun yaxşı, peşəkar olmasına da böyük təsir edib. Əziz anam, mənim sənə iki sualım olacaq. Birincisi odur ki, indi həyatda ən böyük zövqü nədən alırsan? Və həyatda ən düzgün qərarı nə zaman vermisən?
Fərəh xanımın gözləri dolurş Bu onun üçün həm gözlənilən, elə həm də gözlənilməyən oldu. 
-Kövrəldiniz. Təsirləndiniz.
– Bəli, mənim çox ağıllı qızım var. O da xaricdə yaşayır və təhsil alır. Sualına gəlincə mən işimdən, sənətimdən zövq alıram. Öz sənətimi çox sevirəm.Bəzən məndən yaşca kiçik cərrahlar məndən soruşurlar ki, doktor, yorulmursunuz? Deyirəm, xeyr, yorulmuram. Mən zamanında Akademik Z. Əliyeva adına Milli Oftalmologiya İnstitutunda çalışmışam. Elə olurdu ki, mən bir rayona gedib orda yüzlərlə əməliyyat edirdim, ordan da başqa rayona gedib orda əməliyyatlar edirdim. Mən yorulmuram.   Məni dayanmadan fəaliyyətə, işləməyə sövq edən səbəb işimə olan sevgimdir. Məni yaradan həm də ailəm, anam, qızm, nəvələrim, kürəkənimdir. Mən yenə qeyd edirəm mən qızımla fəxr edirəm.
–İkinci sual da maraqlı sualdır.  Həyatda verdiyiniz ən doğru qərar..?
-Bu qərarlar çox olub. Amma ən doğru verdiyim qərar ? Mən 1994-cü ildə Azərbaycan Tibb Univesitetinin  Pediatriya fakültəsini bitirmişəm.  O zaman universitetin rektoru, professor Əhliman Əmiraslanov  hamımızı yığıb, dinləyib ondan sonra internaturada bir sənət seçmək təklifini etdi. Mən neantologiyanı, yəni yeni doğulmuşlarla işləməyi seçmək istəyirdim. Əhliman müəllim baxdı mənə və söylədi ki, sənə göz həkimi olmaq yaraşır. Mən çox təəccübləndim. Çünki o zaman göz həkimi olmaq çox çətin idi. Mən ümumiyyətlə, cərrah olmaq istəmirdim. Heç düşünmmürdüm ki, mən nə zamansa cərrah ola bilərəm. O isə mənə səndən çox gözəl göz həkimi ola bilər dedi. Və mən ani qərar verdim, beləliklə göz həkimi oldum. İndi hesab edirəm ki, bu mənim həyatımda verdiyim ən doğru qərardır.
– Biz də elə düşünürük ki, siz çox doğru qərar vermisniz. Və bizimlə eyni fikirdə olan insanlar var.
Biz onu daha yaxından tanımaq üçün onun  kollektiv nümayəndələrinin fikirləri ilə tanış olduq. Həmkarı Lalə xanımın fikirləri:
-Mən artıq 8 ildir ki, Fərəh xanımı tanıyıram. Fərəh xanım gözəl həkim olmaqla yanaşı, həm də gözəl insandı. Mən əminəm ki, bütün kollektiv adından danışıram. Sizi təkcə mən yox, bütün kollektiv sevir.
Və kollektiv nümayəndələri birlikdə?
-Biz sizi çox sevirik, Fərəh xanım.
-Fərəh xanım, sizi sevirlər. Biz araşdırdıq. Hər bir kəs sisin haqqınızda yekdilliklə eyni fikri söylədi- Sevirik !
Bilirik ki, siz həm də  bir sıra məhşurların da gözlərinə nur vermisniz. Onlardan biri də Xalq artisti Zaur Rzayevdir. Onun fikirləri ilə də tanış olduq.
Xalq artisti Zaur Rzayev:
-Mənim gözümdə əməliyyat bir dəfə olmuşdu. Yenidən problemlər yaranmışdı. Sağ olsun Fərəh xanımı. Gəldi.Yüksək səviyyədə müayinə etdi. Öz xoş rəftarı ilə sanki öncədən ruhumu müalicə etdi. Baxdım və düşündüm. İlahi, bu dünyada nə qədər mədəni, mehriban, mərhəmətli insan var. Fərəh xanım mənim gözümdə olan bütün problemləri yüksək səviyyədə həll etdi. Bu gün mən ona çox minnətdaram. Və bir şeyi xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, mən müşahidə etdim. Mən Xalq artistiyəm deyə deyil, Fərəh xanım hamıya eyni münasibət bəsləyir.
Əziz oxucum, onunla söhbətimizin sonuna gəlirik. Düşünürəm ki, cəmiyyətin uğurlu qadını onun uğurlu simasıdır. Bu gün biz tibb elmləri doktoru, həkim-oftalmloq Fərəh Abduləliyeva simasında cəmiyyətin, ölkənin, tibbin müasir təzahürü ilə tanış olduq. Mənə onu tanımaq xoş oldu. Ümid edirəm ki, sizə də həmçinin…
-Fərəh xanım, bir insanı tədqiq etmək, onun həyat fəlsəfəsi ilə tanış olmaq bəşəriyyətə nümunə olaraq töhfə verməkdir. Biz sizin simanızda bir insan, bir övlad, bir ana, bir peşəkar insan, bir vətəndaş necə olmalıdır suallarına cavab axtarmağa çalışdıq. Və ümid edirəm ki, biz suallarımız cavab tapdıq. Sizin bu gününüz üçün minnətdar olduğunuz o böyük sevgi hissini biz də bəxş edərək hələlik ayrılırıq. Görüşmək ümidilə… Sizə uğurlar arzu edirik.
-Təşkkür edirik.


FƏXRİYYƏ LİLPAR

44gün.org