Vətənpərvərlik və milli dəyərlər mövzusunda seminar sessiyaları keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi” Proqramı – 2.0 çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən 2022-ci il 15 oktyabr-15 dekabr tarixlərində icra olunan “Gənclər üçün Vətənpərvərlik və Milli dəyərlər” layihəsinə uyğun ali məktəblərdə keçirilən seminarlar digər universitetlərdə davam etdirilmişdir.

 

Ali məktəblərdə tələbələr arasında Vətənpərvərlik, Milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin icra planına uyğun maarifləndirici tədbirlər Bakı şəhərində 6 ali məktəbdə 200 nəfərə yaxın tələbənin iştirakını nəzərdə tuturdu.
Növbəti maarifləndirici tədbirlər tələbələrin fəal iştirakı ilə Bakı Biznes Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmişdir. Seminarlarda təşkilatçılar, proqram, layihə haqda məlumatlar verildikdən sonra təlimçi, gənclər işi, siyasəti üzrə ekspert, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərlinin xüsusi slaydlı təqdimatları ilə mövzulara dair iştirakçılara geniş informasiyalar çatdırıldı.
Təlimçi-ekspert tərəfindən tələbələrə Vətənpərvərlik, Hərbi vətənpərvərlik, Milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcədə fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Sonra tələbələrə “Milli dəyərlər haqqında nələri bilirik?” adlı maarifləndirici vəsait olan kitabça paylanmış və onlar sosial və fərdi inkişaf istiqamətində gələcək fəaliyyətlərə dəvət olunmuşlar.
Davamlılıq olaraq layihə və layihə çərçivəsində nəzərdə tutulan seminar sessiyalarının gələcəkdə ölkənin müxtəlif bölgələrində yerləşən ali və orta-ixtisas məktəblərində təşkili də nəzərdə tutulur.