Veteran Tankçılar İctimai Birliyinin və Bakı Dağ Yəhudiləri Dini İcmasının təşkilatçılığı ilə veteran tankçılar, Birinci Qarabağ savaşında şəhid olan tankçıların ailə üzvləri erməni işğalçılarından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, veteran tankçılar Şuşa şəhərinin müdafiəsi uğrunda canından keçən döyüş yoldaşlarının, Vətən müharibəsi zamanı şəhərin yenidən azadlığına qovuşduran şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar. Onlar erməni vandalları tərəfindən viran qoyulmuş qədim tarixi şəhərimizin dağıdılmış məhəllə və küçələrini, evlərini, mülklərini böyük ürək ağrısı ilə seyr ediblər. Veteranlar Şuşa qalasından Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun böyüdülmüş fotosunu asmaqla şəhidlərimizin ruhunun şad olduğunu və yenidən Şuşaya qayıtdıqlarını ifadə ediblər.
Keçmiş döyüşçülər Cıdır düzündə olub, Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Birinci Qarabağ müharibəsində Şuşa-Laçın uğrunda gedən döyüşlərdə itkin düşən şəhid tankçı Nazim Hamısıahverdiyevin qızı Günay Hamısıahverdiyeva atasının artıq rahat olmuş ruhunun dolaşdığı bu yerlərə səfərinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonda Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova burada onlara göstərilən yüksək diqqətə və yaradılan şəraitə görə keçmiş döyüşçülər adından təşəkkürünü çatdırıb. Ona Fəxri fərman, eyni zamanda, Şuşa tarix-diyarşünaslıq muzeyinin qalereyasına Nizami Gəncəvinin kətan üzərində rəngli boya ilə işlənmiş rəsmini təqdim edib.
Qeyd edək ki, yəhudi əsilli tank komandiri Albert Aqarunov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.