Dünyaxeber.org xəbər verir ki,Mişov kültür dərnəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin rəhbəri və aparıcı elmi işçisi Əkrəm Rəhimlinin anim tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı görkəmli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb.Dünyaxeber.org xəbər verir ki, tədbirdə çıxış edənlər Əkrəm Rəhimlinin həyat və fəaliyyətinə nəzər salmış, onun yaradıcılığı haqqında söhbət açmışlar. Bildirilmişdir ki, 1953-cü ildə Gəncə pedaqoji məktəbini fərqlənmə diplomu ilə bitirmiş Ə. Rəhimli Azərbaycan Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olmuşdur. O, 1957-ci ildə buranı fərqlənmə diplomu ilə bitirdikdən sonra orta məktəbdə tarix müəllimi işləmişdir. Müxtəlif mövzularda elmi məqalələri İran, Türkiyə, Almaniya, Kanada və s. ölkələrdə çap edilmiş Ə.Rəhimli bir sıra kitabların müəllifidir.
Daha sonra çıxış edən Mişov kültür dərnəyinin rəhbəri şair-publisist Aqşin Ağkəmərli bildirib ki, Əkrəm Rəhimli istər elmi araşdırmalarında qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət olub.
Tədbirdə mərhumun həyat yoldaşı Fatma Rəhimli, dostları, yaxınları və QHT nümayəndələri çıxış edərək Əkrəm Rəhimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun cənubi Azərbaycanla bağlı elmə verdiyi töhfələrdən geniş söz açıblar.
Tədbirdə Əkrəm Rəhimli haqqında video rolik təqdim olunub və aşıq Ramil Qarayevin çıxışında saz havası dinlənilib.
Sonda mərhumun həyat yoldaşı Fatma Rəhimli tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum araşdırmaçı-alimə verilən bu dəyər-qiymətə görə öz minnətdarlığını bildirib.
Dünyaxeber.org Güllü Eldar Tomarlı