Bu gün 5iyun şairlər günüdür.

Dünyaxeber.org saytı adından bu münasibətlə bütün sözü qızıldan dəyərini bilən, ruhu şeirlə döyünən, incə ürək sahiblərini təbrik edir ,yaradıcılıq uğurları arzu edirik.
Yorğun illərim
Əzablara sığal çəkdi əllərim,
Qarasında dərd gizlədi gözlərim,
Mənim ən vəfalı həmdəmim oldu,
Ömrümdən ötüşən yorğun illərim.

Kimə «can» söylədim, aldı canımı,
Yamanlar yaxşıtək aldı yanımı,
Kədərə boyadı qəm hər anımı,
Mənə yoldaş oldu yorğun illərim.

Ömrüm xəzan oldu, hər an qış oldu,
Yanağım nəm çəkdi, hər an yaş oldu,
Dilimdə kök saldı, zaman «kaş» oldu,
Mənə sirdaş oldu yorğun illərim.

Sevdalanmışam

Gəl, ruhuma toxun, ey yar,
Mən səninçün yaranmışam.
Nə zamandır, xəbərin var?
Mən sənə sevdalanmışam.

Eşqim də sən, ruhum da sən,
Özlədiyim qoxum da sən,
Gerçəyim də, yuxum da sən,
Mən sənə sevdalanmışam.

Ürəyimdə bir həsrət var,
Gecə boyu səni arar,
Gözlərimdə eşq pıçıldar,
Mən sənə sevdalanmışam.

Sevgimizin xətrinə dəymə

Daha sevgimizin xətrinə dəymə,
Qəlbini gəl mənə bağışla, getsin.
Bu sevgi hicranla yarım qalmasın,
Yarısın tamamla, sevgiylə bitsin.

Daha sevgimizin xətrinə dəymə,
Ayrılıq yan gəzsin, qoy uzaq olsun.
Bahar gözəl olur, neylərik qışı?
Qoyma ki, nə şaxta, nə sazaq olsun.

Daha sevgimizin xətrinə dəymə,
Mən ki sən oluram, bax, yavaş- yavaş.
Hansı gün sevginin xətri olmasa,
Sevgini al məndən, özün uzaqlaş.

Daha sevgimizin xətrinə dəymə,
Qoyma gözlərimi bulaşsın qəmə.
Kəpənək ömrümə eşqi çevirmə,
Küsüb barışarıq sevgi dilində.

Dünya
Bir qucaq dərdim var, hansını deyim.
Şikayət eyləyim özünə, dünya.
Xəncəri azca çək, bir nəfəs alım,
Dərin bir ah çəkim üzünə, dünya.

Bir misra gün görüm göz işığına,
Məhəbbətlə baxım yaraşığına.
Nə olar, “kəs” söylə sən yağışına,
Yağmasın bu gündən üzümə, dünya.

Sevməsin kədərin, sevməsin qəmin.
Unutsun, biryolluq unutsun məni.
Vallah incimirəm, qoy tutsun məni
Atsın ocağının közünə dünya.

Qapıma gəlməsin sevinc dalınca,
Nə qəmlər çəkmişəm sevinc alınca!
Ölüm aramışam ömür boyunca,
İndi əcəl düşüb izimə, dünya.

Dünyaxeber.org Leyla Mətin