Yaman boğuluram doğma şəhərdə,
yenə havam çatmır bayırda, evdə,
gözümün önünü tutur binalar,
mənim udduğumu udur binalar-
evlər ağacları yeyir Bakıda.
Qocalar bulvarda, uşaqlar tində,
həyətdən, məhlədən qovhaqov düşüb,
bu şəhər kənddən də betərdi, bu gün,
gündüzlər adamlar imdad diləyir,
gecələr şəhərdə ağac mələyir.
Nə köhnə məhlə var, nə “Köhnə Palan”,
satılır şəhərdə hər küçə, dalan,
“hardasan, hardasan, a məhlə alan?”,
bu şəhər qarışla satılır daha,
bu gün dünənkindən bahadı, baha.
Eyvandan eyvana sirlər uzanır,
ciblərdən ciblərə əllər uzanır,
ekrandan evlərə dillər uzanır,
yalanlar doğrunu boğur burada,
yaşamaq gün-gündən olubdu baha,
neyləyim bir təhər çıxım sabaha-
evlər ağacları yeyir, Bakıda,
evlər adamları yeyir, Bakıda.
Rəfail Tağızadə