Paytaxtın Fətəli Xan Xoyski küçəsində yerləşən 5 saylı Şəhər Kliniki Xəstəxana bərbad mənzərəsi ilə gündəmə gəlib. Xəstəxananın biabırçı görüntülərini sosial şəbəkələrdə Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, “İstanbul” klinikasının direktoru, radioloq Aydın Əliyev paylaşıb.
Görüntülərdə baxımsız, uçuq-sökük döşəmə və tavanı, iyrənc ayaqyolu ilə diqqət çəkən xəstəxanaya aidiyyəti qurumların ögey münasibəti sərt tənqid edilib.
Xəstəxananın təmirsiz və antisanitariya vəziyyəti XXI əsrdə “böyük faciə” kimi dəyərləndirilib. Xalqın xidmətində dayanan tibb müəssisəsinin bərbad durumunun nəzarətə götürülməsi cavabdeh qurumların diqqətinə çatdırılıb.
Məsələ ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat sözçüsü Zamirə Adilova Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını və xəstəxana görüntüləri ilə bağlı dəqiqləşdirmələrin aparıldığını bildirib.
Qeyd edək ki, 5 saylı Kliniki Xəstəxananın adı dəfələrlə qalmaqallarda çəkilib. Dövlətin tibb müəssisəsi olan bu xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir. Burada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. “UZİ”-nin, ağciyərlərin rentgeninin, ürəyin kardioqrammasının, bir sözlə, hər şeyin hətta “kate eləməyin” öz qiyməti var. Hətta ayaqyolunun pullu olması da gündəmə gəlmişdi.