“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi (sədr Firuzə Əsədullayeva) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər ordunun qalib igidləri” adlı kitabın yazılması layihəsini həyata keçirir. Layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin qəhrəmanlarını yazılacaq kitabla daha geniş miqyasda təbliğ etməklə cəmiyyəti maarifləndirmək və onların hər birinin haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır. Layihənin rəhbəri, eyni zamanda yazılacaq kitabın müəllifi Firuzə Bəyməməd qızı Əsədullayeva mart ayında Qazaxda şəhid ailələrində olmuş, onlarla ətraflı söhbət etmiş, lazım olan materialları götürmüş və Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra əldə olan materialları işləmiş, eyni zamanda şəhidlərin döyüş yoldaşlarını arayıb tapmış, onlardan şəhidlərin döyüş yolunu öyrənmiş, onların göstərdikləri igidliklər haqqında məlumatlar almışdır. Firuzə xanım aprel ayında Masallıya səfər edəcək. Orada da şəhid ailələrilə görüşəcək, onlar haqqında məlumatlar toplayacaq Xatırladaq ki, Layihə 6 ay ərzində həyata keçiriləcək. Kitab 50 şəhid haqqında yazılacaq. Kitab nəşr olunduqdan sonra Qazax, Masallı, Bakı -da kitabın təqdimatı keçiriləcək.