Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın bəzi ərazilərində ilişib qalan qanunsuz erməni qüvvələrinin vəziyyəti getdikcə dalana dirənir.
Bu dalanda onlar nə qədər çırpınsa da, Ermənistan hökuməti baş verənləri humanitar böhran kimi beynəlxalq ictimaiyyətin beyninə yeritməyə çalışsa da, onların bu cəhdləri hədər gedir, çünki artıq dünya ermənilərin saxta göz yaşlarına inanmır.
İkinci, Azərbaycan tərəfi hansı addımı atırsa, bu, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrasını təmin etmək məqsədi daşıyır və burada hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz.
Üçüncü, Azərbaycan ordusunun sülhməramlılar olan ərazilərdə hər hansı mövqe yerdəyişməsi və dislokasiya yerlərinin dəqiqləşdirilməsi hərbi qaydalara uyğundur və Ermənistan zəhmət çəkib beynini işlədib bunun qanuniliyini dərk etməlidir.
Azərbaycan Müdafiə Nazirliyinin martın 24-də yaydığı məlumatda iki məqamı önə çıxara bilərik:
1. Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır,
2. Hər hansı toqquşma və ya insident baş verməyib.
Ermənistan tərəfi isə baş verənlərin forma və məzmununa mübaliğə qataraq beynəlxalq isterika yaratmağa çalışır. Ancaq Azərbaycan tərəfinin rəsmi məlumatı göstərir ki, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi atışmasız baş tutur.
Təbii ki, ermənilərdən təxribat da gözləmək olar, axı, separatçıların iliyinə işləyən “erməni eqosu” onların təfəkkürünü də radikallığa kökləyir. Bununla belə, istənilən təxribatın cavabı daha ağır olacaq.
Rəsmi İrəvan nala-mıxa vurmaqla Azərbaycanın suveren ərazilərinə dair həyasız açıqlamalar vermək praktikasına son qoymur. Olsun, əgər bu əməlinə son qoymasa, o zaman Azərbaycan tərəfinin daha sərt cavab tədbirləri ilə üzləşəcək.
Hazırda ən çox informasiya Xocalının Fərrux və Pirlər kəndi ilə bağlıdır, Azərbaycan ordusunun sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı ərazilərə nəzarəti bərpa etdiyinə dair məlumatlar yayılır.
Azərbaycan ordusunun hazırkı əməliyyatları səssiz müharibədir və atəş açmadan, itki vermədən zəncir yaratmaq və erməni separatçıları həmin zəncir içində “boğmağa” hesablanıb.
Fərrux kəndi və ətraf ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib nöqtələrdir, hələ Birinci Qarabağ müharibəsində Fərrux uğrunda Azərbaycan xeyli şəhid verib.
Martın 24-də Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağdakı vəziyyəti erməni həmkarı Suren Papikyanla müzakirə edib, martın 25-də isə, Şoyqu Azərbaycan müdafiə nazirinə zəng edib.
Təbii ki, hər şey Azərbaycanın plan və strategiyasının konturları üzrə gedir, çünki rəsmi Bakı öz qətiyyətindən və suverenliklə bağlı prinsipiallığından əl çəkmir və bunu hər addımda böyük güclərin qarşısında da elan edir.
Buradan isə növbəti nəticə çıxır – hərb səhnəsindəki hazırkı gedişatlar Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı birgə razılıq əsasında reallaşır.
Aqşin Kərimov