“Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır: “Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.
Diplomat vurğulayıb ki, bu il Rusiya ilə MDB ölkələrinin çoxu, o cümlədən Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. “Biz silsilə yubiley tədbirlər hazırlayırıq. Bu tədbirlərin mədəni-maarifləndirici xarakter daşıdığını nəzərə alsaq, onların ictimaiyyət üçün maraqlı olacağını düşünürük”.