Tbilisidə Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin açılış mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi tədbir ümummilli liderin vəfatının 18-ci ildönümünə həsr olunub.
Sərgidə ulu öndərin 100-dən çox fotoşəkli sərgilənib. Onların əksəriyyəti Heydər Əliyevin Gürcüstana səfərləri və qonşu ölkədə keçirdikləri görüşləri əks etdirir.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın keçmiş Baş və xarici işlər naziri Həsən Həsənov, Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, vitse-spiker Arçil Talakvadze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Gürcüstanın tanınmış ictimai və siyasi xadimləri, azərbaycanlı icmanın üzvləri iştirak ediblər. Kvartet Azərbaycanın klassik musiqiləri və H.Əliyevin sevdiyi mahnıları ifa edib.
Sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.