Qadağan olunmuş qonşuluq

Qardaş kimi qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri yalnız bizdə və qardaş ölkədə gündəm deyil; Ermənistanda (yaxud hələlik Ermənistan adlanan ölkədə və onun qatı havadarları olan dövlətlərdə) daha çox diqqət mərkəzindədir. Niyə? “Niyə”si aydındır: artıq ağlı başında olan ermənilər sosial mediada, müxtəlif platformalarda öz uğursuz (baş tutmuş amma baş tutmamış) dövlətlərinin nə qədər səbatsız, dardüşüncəli, yalan-palan dolu siyasət yeritdiyini car çəkir…

Onlar anlamağa və anlatmağa başlayıb. Deyirlər, görün türklər bizim dağıtdığımız Qarabağı necə abad edir, necə şenləyir..? Yanır-yaxılırlar, öz başbilənlərinə suallar verir, sitəm edirlər. Dünya erməniliyi cənab Əliyevlə cənab Ərdoğanın atdığı təməlləri, kəsdiyi lentləri görür, bilir, hesablayır və təlaşa düşür. Bu təməlqoymalar, bu açılışlar Qafqazın aparıcı ölkəsinin, xalqının açıq-açığına ismarıcıdır: ara, haycım, ya adam olacaq adambalası kimi bizim böyür-başımızda yaşayacaqsan ya da dəf olub çox uzaqlara gedəcəksən!

Biz açan qapıdan keçməyə üzü olmayanlar, illa qapı¬dalında qalacaq. Körpüsalanlarla körpü uçuranlar, yol çəkənlərlə yolsuzlar, ev tikənlərlə ev yıxanlar diametral şəkildə fərqli koordianatlardadır. Bizim düşüncə tezliyimiz, fikir alqoritmimiz uğursuz dövlətin hərbi-siyasi rəhbərliyinin düşüncəsizlik tezliyi və darfikir alqoritmi ilə təzaddadır. O üzdən bir-birimizi anlamaqda çətinlik çəkirik. Əgər biz ötən ilin bu günlərində, ondan da qabaqlar “Qarabağı azad edəcək, ora həyat, mədəniyyət, insanlıq qaytaracağıq, daha yaxşı şəhərlər, kəndlər tikəcəyik” deyirdiksə, ermənilər tam da bir il öncə Bərdəyə qadağan olunmuş raket atırdı. Görün, nə qədər zəkasız olasan ki, Gəncəyə, Mingəçevirə, Qəbələyə, Yevlaxa, Xızıya, Naxçıvana… ard-arda atılan raketlərdən sonra, Tərtərə atılan raketlərin sayı-hesabı itiriləndən sonra yolumuzdan dönmədiyimizi görə-görə, bir də Bərdəyə raket atmağı uyğun biləsən? Cəbhədən uzaq Bərdəyə – özü də, illa mülki insanları öldürməkçün bazarçevrəsinə raket atılmasının insanlıqdışı olması öz yerində, axı, sən, haycım, bununla nə qazana bilərdin ki? Ən sonda, Şuşaya, nə özünün nə havadarının hələ boynuna almadığı “İskəndər-M” raketinin atılması da ağılsızlığın daha bir “təntənə”siydi…

Ağılsız işğalçı hər qadağanolunmuş raketlə qadağanolunmuş qonşuluq mühiti yaratdığının, öz gələcək nəsilləri üçün çox vecsiz bir miras qoyduğunun fərqində olmadı.

Bəli, Azərbaycanın öz əzəli torpağı Qarabağda apardığı yüksək sürətli və keyfiyyətli tikinti-quruculuq işləri, qardaş Türkiyənin dövlət başçısının Azərbaycana unudulmaz səfəri erməni ictimai fikrində müzakirələrin baş mövzusudur. Artıq təbliğatın əsas istiqamətlərini də itiriblər: bu gün bir, sabah başqa söz demək məcburiyyətindədirlər. Yalan – artıq yerimir, doğru – onlara sərf eləmir… Hayın biri hay…

Türkiyənin dövlət başçısının Azərbaycanın dövlət başçısının dəvəti və Ankara-Füzuli marşurutu ilə Azərbaycana səfərə gəlməsi, Azərbaycanlı həmkarı ilə birgə Füzuli və Zəngilanda mühüm açılışlarda iştirak etməsi, təməlqoymalara qatılması Qarabağda hava yolunun, torpaq yolunun, dəmir yolunun bütün yolsuzluqlara üstün gələrək irəlilədiyinin təcəssümüdür.

26 oktyabrdakı təməlqoymalar, açılışlar, Füzulidə, Zəngilanda verilən ismarıclar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyaniliyini, Türkiyə ilə Azərbaycan arasında işbirliyinin, sarsılmaz qardaşlığın bölgə və dünya çapında önəmli amilə çevrilməsini səciyyələndirir.

Ayda-ildə bir səfər, ayda-ildə bir deklarativ sənəddən danışmırıq: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq, strateji müttəfiqlik və bu istiqamətdə nə qədər yaxşı söz varsa hamısını əhatə edir, üfüq cızır və üfüqötəsi vəd edir…

Əlbəttə, dünyada dil, din, etnik mənsubiyyət birliyinə yaxud yüzilliklərə dayalı qonşuluğa, irimiqyaslı ticarət dövriyyəsinə malik ölkələr, xalqlar var – lakin onların neçəsi Azərbaycan-Türkiyə birliyinə yanaşa, uyğun səviyyə nümayiş etdirə bilir? Bu, bir başqa hadisədir – Tanrının lütfü, xalqlarımızın qarşılıqlı səmimiyyəti, aydınlarımızın qərinələri aşan uzaqgörən baxışları və əlbəttə, liderlərimizin cəsarəti Azərbaycan-Türkiyə birliyini dövlətlərin, ölkələrin, qardaşların, qonşu və dostların ən unikal modelinə çevirib. Biz doğrudan-doğruya bir ürəkdə iki canıq, Türkiyə-Azərbaycanıq!

Dost da, düşmən də idrak edir ki, cənab Əliyevlə cənab Ərdoğanın dostluğu, qardaşlığı və hər iki liderin öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutması, onların qətiyyəti xarüqələr yaradır. Hamı görür, bilir ki, iki qardaş ölkə bu gün öz liderləri sayəsində böyük uğurlar qazanır, daha böyük uğurların təməllərini atır: əcdadımızın ruhunu şad edib, gələcək nəsillərə yol göstərərək…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!