Agentliyin müsabiqə elan etməməsinə QHT-lərdən sərt etiraz – SORĞU

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hələ də qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyəti institutu təmsilçilərinin narazılığı ilə qarşılanıb.
Əldə etdiyimiz məlumata görə Agentliyin Müşahidə Şurası bütün prosedurları həyata keçirib, yeni dünya düzəninin tələblərinə uyğun sənədləri hazırlayaraq, Nazirlər Kabinetinə təqdim edib.
Sənədlərin əsas müddəaları maliyyə məsələsi ilə bağlı olduğundan layihə paketi Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinə ünvanlanıb. Nazirlik isə hələ ki susur.
Artıq QHT-lər dilə gəlib. Onlar etirazlarını KİV-də və sosial şəbəkələrdə tirajlamağa başlayıblar.
“Rupor”  vəziyyətə etiraz edən QHT rəhbərlərindən bir neçəsinin açıqlamasını təqdim edir:

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli:

– Artıq bir ildən çoxdur ki əksər QHT-lərin ümid yeri olan QHT Şurası pandemiya üzündən QHT-lər üçün müsabiqə elan etmir. Doğrudur, əsas kimi Şuranın Agentliyə çevrilməsi göstərilir və vaxtın uzanmasını yeni qurumun hüquqi sənədləşməsi ilə əsaslandırırlar.
Vətəndaş Cəmiyyəti və Media islahatları əvvəl Anar müəllimə, sonra isə cənab Prezidentin göstərişinə əsasən Hikmət müəllimə tapşırıldı. Hər iki şəxsin kurasiyasında olduğumuza sevinmişəm. Çünki hər ikisi yeni dünya düzənini yetərincə bilən, insanlara münasibəti yaxşı olan insanlardır. Məsələnin burasına kimi problem yoxdur, əksinə, hamımız da bu qərarları alqışlamışıq.
Ancaq 2014-dən hərəkəti iflic olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti yaxşılaşmaqdansa, daha da pis vəziyyətə düşüb. Axı QHT-də təmsil olunan insanlar hamısı hardasada işləmir. Və bir çox insanlardan fərqli olaraq QHT insanların birinci iş yeridir və onların yanında işləyən neçə şəxs ailəsinə çörək aparır. Hələ də Agentliyin sənədləri təsdiqlənmir ki, müsabiqə elan olunsun. Ən yaxşı variant qanunvericiliyə edilən dəyişiklik olardı və Azərbaycan dövlətinin beynəlxalq təşkilatlara keçirdiyi maliyyənin bir hissəsi QHT-nin əli ilə xarici qrantlar şəklində ölkəyə qayıdardı; Azərbayan QHT-lərinin payı Gürcüstan və Ermənistan QHT-lərinə getməzdi; QHT-lər Qarabağda yenidənqurma işlərində dövlətlə çiyin-çiyinə işləyərdi; Agentlikdə işlərini qaydasına qoyub QHT-lərlə birgə işini qurardı. Bununla da güclü vətəndaş cəmiyyəti yaranardı. Təəssüf ki hələ də gözləyirik…..

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı:

­- Dolana bilmirik.Bir-iki ay da belə getsə, acından öləcəyik. Məmurların süfrəsi ilə bizim süfrəmiz eyni deyil. Xalqın, əlilin 200 manatlıq təqaüdü yaman çox görünür, kəshakəsdir. Necə yaşayaq??? Bizi ölümə tərk ediblər. Pandemiyada bu qədər insanın xəstələnməsi immun sisteminin aşağı olması ilə bağlıdır. Normal qidalana bilmirik. Hər şeydən danışılır, hədələr, cərimələr tədbiq edilir. Bircə maaş və təqaüdlərdə artım yoxdur. 3-5 manat artım olsa dünya dağlmayacaq ki… Prezidentə xəbər verin QHT-lərin vəziyyəti acınacaqlıdır. Hansısa qara əl bizi hökumətin üstünə qaldırır. Cürətiniz varsa deyin. Ünvanınızı göstərin ki, sizlər xalqın da, Prezidentin də düşmənisiz!

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova:

– Çox aktual məsələni qaldırmısız. Agentliyin fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, prosedurlar tamamlanan kimi müsabiqə elan olacaq. Qanunda da dəyişiklik mütləqdir. Beynəlxalq maliyyə imkanları mütləq yaradılmalıdır. Təklifləri verdik. 2014- də bu qanunu təklif və təkid edənlər yalnış addım atdılar. Hazırda QHT-lərin vəziyyətinin yaxşılaşması üçün bu sahənin kuratoru da əlindən gələni edir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev:

– Bizim danışmağımız özümüzə qalır. Hökumət hər şeyi yaxşı bilir. Görünən odur ki, dəyişiklik etmək istəmirlər.

“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin sədri Xanım Əhmədzadə:

– Vətəndaş Cəmiyyətinin varlığı demək olar ki, hiss olunmur. Yalnız ortaya İŞ atlb başlarını qatırlar.

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad:

– Biz ildə bir dəfə 4 aylıq layihə edib, bu çərçivədə cüzi maaş alırdıq. İndi onu da bizə çox gördülər. Belə getsə itihar edəcəyik.

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə:

– Hesab edirəm ki, məsələyə qrant müsabiqəsinin elan olunması formatında baxmaq düzgün deyil. Qrant müsabiqəsinin elan olunmaması nəticədir. Bu nəticəni doğuran səbəblər var.

Cənab Prezident İlham Əliyev tərəfindən 19 aprel 2021-ci il  tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanmışdır.

Fərmanda agentliyin yaradılması və fəaliyyəti çox konseptual formada göstərilmişdir. Fikrimcə fərmanın özündə çox dəqiq tarixlərə prosesin dinamikliyi göstərilmişdir.

Çox təəssüflə deyə bilərik ki, fərmanda göstərilən fəaliyyətlərin müvafiq qurumlar tərəfindən icrası haqqında məlumat yoxdur. Məlumatın olmaması bu qənaəti yaradır ki, həmin işlər görülməyib və yaxud  nəzərdə tutulan müddətdə yekunlaşmayıb. Meydana çıxan problemlərin əsas səbəbi də məhz bu amillərdir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  müvafiq sənədlərin və təkliflərin hazırlayaraq Nazirlər Kabinetinə təqdim etdiyini bildirir. Bizdə bundan başqa məlumat yoxdur. Məlumat yoxdur ki, Nazirlər Kabineti və yaxud fərmanın icrasına cavabdeh olan digər qurumlar prosesi niyə yubadır.

Qeyd etmək istədim ki, Fərmanın 7-ci bəndinə görə,  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– 3 ay müddətinə  Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını təsdiq etməli idi;
– 2 ay müddətinə  qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etməli idi;
– 1 ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etməli idi;
Yuxarıda qeyd olunan fəaliyyətlər fonunda Maliyyə Nazirliyi də müvafiq maliyyə fəaliyyətini aktivləşidirməli  idi. Çünki 2021-ci il dövlət büdcəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün təqribən 4-5 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait isə bu günə kimi istifadə olunmayıb.
Göründüyü kimi fərmanın imzalanmasında 4 ay müddət keçməsinə baxmayaraq, yuxarıda qeyd olunan hər hansı bir fəaliyyətin həyata keçirilməsi ilə bağlı məlumat yoxdur.

Nəticə isə ondan ibarədir ki, vətəndaş cəmiyyəti təşkilatların maliyyələşməsində və fəaliyyətində ciddi problemlər yaranıb. Çünki bizim fəaliyyətimiz təkcə qrant layihələrinin icrası ilə məhdudlaşmır. Ölkənin ictimai siyasi həyatında iştirak edirik, ictimai fəal insanlarıq. Bu fəaliyyətləri həyata keçirmək üçün müxtəlif xərclərin qarşılanması tələb olunur.  Təşkilatlın ofis icarəsi, kommunal -nəqliyyat, kommunikasiya xərcləri, mühasib xidməti və s. xərcləri var. Bunları ödəmək üçün isə vəsait yoxdur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyət başlaması çox uzun çəkdi.  Proseslərə indi start verilsə belə, müxtəlif texniki məsələlərdən dolayı, qrant müsabiqəsinin nə vaxt baş tutacağı ciddi suallar doğurmaqla bərabər, vətəndaş cəmiyyətində ciddi narahatçılıqlar yaradır.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov:

– Agentliyin Müşahidə Şurası bütün sənədləri hazırlayıb və təqdim edib. Burada Maliyyə Nazirliyinin üzərinə düşən bir sıra məsələlər var. Ancaq problemi “bütün sənədlər hazırdır, Maliyyə Nazirliyi niyə qəar vermir” şəklində də qoymaq da dügün deyil. Sənədlər bir çox qurumların rəyi nəzərə alınmaqla təqdiqlənməlidir. Cənab Prezidentin fərmanında da müddət göstərilib. Düzdür həmin müddət sona çatıb.
Digər problem ondan ibarətdir ki, hələ də Agentliyin kadrları təyin olunmayıb. Belə olan təqdirdə layihələrə kim nəzarət edəcək? Bu mənada hələ görülməmiş işlər var, biz QHT rəhbərləri ilə ZOOM görüşlərdə də gerçəyi onların diqqətinə çatdırırıq. Ən yaxşı halda bu ilin sonunda qrnat müsabiqəsi elan edə biləcərik və gələn ilin əvvəlindən layihələrin icrasına başlanılar.

Ləman Ceyhunqızı

 

Redaksiya