Paşinyanı Qarabağ erməniləri ilə KİM ÜZƏ-ÜZƏ QOYUR? – GƏLİŞMƏ

“Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərtlərə və kompromislərə dözmür və Qarabağ sakinləri adından danışmaq hüququna yalnız onun hakimiyyət orqanları malikdir”.

Ovqat.com xəbər verir ki, qondarma “DQR”-in “lideri” Arayik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün səsləndirdiyi fikirləri şərh edərkən belə yazıb.

Öz Facebook səhifəsində paylaşdığı statusu ilə Nikol Paşinyana cavab verən Arutyunyan bildirib ki, “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bu bölgədə məskunlaşmış ermənilərin əsas vektorudur və heç bir hökumət inondan kənara çıxmasına yol verə bilməz: “Bu o deməkdir ki, Artsax xalqı və hakimiyyəti heç vaxt Azərbaycan daxilində hər hansı statusu tanımayacaq”.

O vurğulayıb ki, həm status, həm demoqrafik baxımdan keçmişə qayıtmaq mümkün deyil. “Azərbaycan öz cəmiyyətini ermənifobiya ilə qidalandırmaqda və onu sülhə deyil, ermənilərin “Artsax”dan köçməsinə hazırlamağa davam edəndə hansı birgə yaşayışdan danışmaq olar? Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu istiqamətdə səylər göstərməyə hazırıq, lakin xalqımızın həyati maraqları və hüquqları sövdələşmə predmetinə çevrilə bilməz”, – deyə Qarabağın erməni lideri bildirib.

Arayik Arutyunyanın sözlərinə görə, Qarabağın ərazi bütövlüyü 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa edilməlidir: “Ona görə də ərazilərimiz işğaldan azad edilməli və sakinlər öz evlərinə qayıtmalıdırlar”.

Təhlükəsizlik məsələlərinə gəlincə, Qarabağ hakimiyyəti Müdafiə Ordusunun gücləndirilməsinə çalışacaq və Rusiya sülhməramlı kontingenti Qarabağda qeyri-müəyyən müddətə – problem nəhayət və ədalətli həll olunana və əlavə beynəlxalq təhlükəsizlik təminatları verilənə qədər qalmalıdır.

““Artsax” min illərdir ki, ermənilərin olub və elə də qalacaq. “Artsax” xalqının mübarizəni davam etdirmək üçün kifayət qədər iradəsi və səbri var. Kiminsə iradəsindən və fikrindən asılı olmayaraq, əminəm ki, onlar “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəklər”, – deyə Arayik Arutyunyan vurğulayıb.

Xatırladaq ki, Paşinyan dünən Facebook səhifəsində onlayn müsahibə zamanı, xüsusən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin danışıqların heç bir mərhələsində sırf Ermənistan ərazi birliyi hesab edilmədiyini bildirmişdi. Baş nazirin sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağda azərbaycanlı əhalinin də yaşadığı qeydə alınıb və onların maraqlarının müdafiəsi danışıqların gündəliyində olub. Ermənistan Baş naziri həmçinin vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər. Azərbaycan Konstitusiyası isə bu cür məsələlərin bütün ölkə boyu xalqın iştirakı ilə keçiriləcək referendumla həllini nəzərdə tutur. Azərbaycan xalqının isə tamamına yaxınının referenduma gedəcəyi təqdirdə ərazi bütövlüyümüzə səs verəcəyi şübhə doğurmur.