ABŞ-ın Florida ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib – FOTO


ABŞ-ın Florida ştatında yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Mayami-Deyd əyalətinin Sanni Ayls Biç (Sunny İsles Beach) şəhərində baş tutan görüşün əvvəlində Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndikdən sonra vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb.

Türkiyənin Mayamidəki baş konsulu Burç Ceylan Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, özünü həm də Azərbaycanın təmsilçisi saydığını bildirib.

Sanni Ayls Biç şəhərinin vitse-meri Larisa Sveçina haqq mübarizəsində hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb.

Floridadakı yəhudi icmasının rəhbəri, jurnalist Nobert Yevdayev Azərbaycandakı tolerant və multikultural mühitin bütün dünyaya nümunə olduğunu qeyd edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, diasporun gələn ilki fəaliyyət planlarına dair müzakirələr aparılıb.

Tədbir bədii proqramla davam edib.

Source link