“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib – FOTO

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 15-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Bakı Dövlət Universitetində təşkil olunmuş görüş Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Nazim Quliyev, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” İB-nin nümayəndəsi Elşən Qəhrəmanovun çıxışları ilə davam edib.

Tələbələr və gənclər arasında qəhrəman qazi və hərbçilərimizin tanıdılması məqsədilə həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş görüşdə Vətən müharibəsindəki zəfər salnaməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış edərək Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğunu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını bildirib.

Tədbirin qonağı olan qazilər – Kənan Qasımov, Fərid Həsənov və Pərviz Əliyev çıxışları zamanı Vətən müharibəsinin təəssürat və xatirələrini tələbələrlə bölüşmüş, ölkəmizin daha da qüdrətlənməsi naminə milli birliyimizin daima möhkəm olacağına əminliklərini bildiriblər.

Çıxışların ardınca qazilərin tələbələrlə sual-cavab sessiyası keçirilmişdir. Qəhrəmanlarımız tələbələrin suallarına səmimi, bir o qədər də təsirli cavablar verərək uğurlarının ən başlıca səbəbi olaraq xalqın və xüsusilə də gənclərin bir dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsini vurğulayıblar.

Son olaraq universitetin tələbələri adından BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov qəhrəman qazilərimizə təşəkkürlərini bildirib.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam edəcək.

Source link