Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) ikinci hissə

Azərbaycan Demokrat Firqəsinin əsas və strateji sənədi olan 12 Şəhrivər bəyanatının (Müraciətnamə) dərc edilməsi ilə Azərbaycan Milli Hökumətinin yaranmasına zəmin hazırlandı. Pişəvəri “Azərbaycan” qəzetinin ilk sayında yazırdı: “Firqə fəaliyyətə başladı. 12 Şəhrivər bəyanatı xalq arasında geniş alqışa səbəb oldu. Millət xoşbəxtliyə və azadlığa gedən yolu aydın şəkildə hiss etdi. S.C.Pişəvəri “İki Yol ayrıcında Son Sözümüz” adlı başqa bir məqaləsində yazdı: “Demokratiya və azadlığı qorumaq üçün var gücümüzlə and içmişik … Azərbaycan özünü idarə etməyə qadirdi… Tehran hökuməti iki yol ayrıcında olduğunu bilməlidir, Azərbaycan öz yolunu seçmişdir. Azərbaycan azadlığa, demokratiyaya öz prinsiplərinə sadiq qalacaq. Bu məqalənin, nitqin qeyd olunması ölkədə ən ağır iqtisadi şəraitdə(milli valyutanın 68 riyaldan 140 riyala düşməsi ilə Azərbaycandan buğda və lobya ixracı sürətlə artdı ) yaşayan və çörək qıtlığı ilə üzləşən Azərbaycan xalqının sevinc və gələcəyinə ümidini artırmaqla yanaşı, xalq müxtəlif metodlarla Azərbaycan Demokrat Firqəsini dəstəkləyırdi. Bu sevinc və həyəcan hissi bütün Azərbaycanı bürüdü. Amerikanın Konsulu bu barədə yazır: “Hərəkat geniş xalq kütləsi tərəfindən dəstəklənir. Onlar mərkəzi hökumətdən gerçək narazılıqlarını ifadə edirlər. İngiltərə konsulu hesabatında yazır: “Səfaləti inkar etmək olmaz, əgər bu ağır iqtisadi durum başqa bir ölkədə olsaydı, mütləq xalq hərəkatına səbəb olardı. Azərbaycan inqilabi bir vəziyyətdədir, xalq tərəfindən seçilən yerli nümayəndələr Tehran tərəfindən təyin olunan məmurlardan daha səmərəli iş görə bilərlər.( Yervand Abrahamiya. “İran İki İnqilab Arasında”, tərcüməçilər: Golmohammadi və Fattahi,268 s). Azərbaycanda siyasi-ictimai baxımdan xalq öz müqəddəratını həll etmək üçün bütün şərait hazırlanmışdı. ADF öz proqramında İranın bütün məntəqələrində azadlq və demokratiyanın yayılmasını yerləşdirmişdi. Firqə yarandıqdan sonra jandar m və bəylərin zülmü daha da artdı. Kəndlilər bu zülmlərin bəzilərini firqə qərargahına xəbər verirdilər.

 

Noyabr ayının 28-də azərbaycanlı olan İbrahim Həkimi Baş nazir təyin edildikdən sona firqə altı maddədən ibarət( Əyalət- vilayət əncümənləri seçkiləri, Komindant saatının ləğv edilməsi, fəhlə birlikləri klublarının azad fəaliyyət göstərməsi və …) öz tələblərini irəli sürdü, lakin Həkimi tərəfindən xalqın bu tələbləri rədd edildi. Nəticədə firqə mərkəzi hökumət və jandarm məmurlarının xalqa etdikləri zülmləri ifşa etmək üçün açıq məktublar yayımladı, eyni zamanda Azərbaycan Milli Məclisi və Milli Hökumətinin qurulması üçün Milli Konqresi təşkil etməyə zəmin hazırladı. 1945-ci il

Noyabrın 20-də xalq sevinclə milli Konqresin açılışını elan etdi. Tehrandakı hakim diktatura və Baş nazir Həkimi qorxu və nigərançılıqla onun qarşısını almaq üçün hərəkətə keçdilər. Sovet qüvvələri isə Qəzvin bölgəsində onların hərəkət etməsinə mane oldular.

 

Azərbaycan Milli konqresi 14 maddədən ibarət öz qərarını açıqladı. Bu qərarda məşrutə konstitusiyasına sadiq qalmağı, hər bir xalqın demokratik istəklərinə görə suverenliyi, Müəssislər Məclisi və xalqın daxili işlərini idarə etmək üçün milli hökumətin yaranması ifadə olunmuşdu. Həmçinin milli məclisin təşkili üçün konqres 39 nəfərdən ibarət müəssislər heyəti seçdi. Milli Konqres qərar və tələblərini bəyannamə şəklində Şaha, Parlamentə və habelə İngiltərə, ABŞ, Fransa və Sovet İttifaqı nümayəndələrinə göndərdi. (Konqresdə Kürd xalqının nümayəndələri də iştirak edirdi).

 

Həkimi, firqə rəhbərləri ilə ğörüşüb və tələblərini mərkəzə çatdırmaq üçün İranın keçmiş baş naziri Mortezaqulu Bəyatın başçılığı ilə Təbrizə bir heyət göndərdi. S,C,Pişəvəri görüşdə milli konqresin 14 maddəlik qərarını onların ixtiyaranda qoydu. Bəyat bağıraraq dedi: “ Mən muxtariyyət sözündən dəhşətə gəlirəm.” Bu da mərkəzin və mürtəce siyasətçilərin İran ölkəsində millətlərə qarşı olan ayrıseçkilik baxışından irəli gəlirdi. Pişəvəri və Firidun İbrahimi Bəyata Azərbaycan xalqının separatçı olmadığını sübut etməyə çalışırdılar. Onlar Bəyata belə söylədilər: “Bizim pulumuz İran puludur, verginin bir hissəsini mərkəzə göndərəcəyik. İran Şura Məclisinə də nümayəndə göndərəcəyik.”

 

Lakin Bəyat mərkəzin tapşırığını yerinə yetirirdi, Azərbaycnın muxtariyyətini qəbul etmirdi. Nəticədə uşaq kimi sual verməklə vaxtı tələf etməkdə idi. Ona görə də əliboş Tehrana qayıtdı.

 

Dekabr ayının 10-da Müəssislər Məclisi, Azərbaycan xalqına müraciət edərək, bir milli hökumətin qurulacağını, azadlıq və demokratiyanın bərqərar olmasını vəd etdi. Azər ayının 21-də Milli Məclis öz iclasını təşkil etdi. S,C,Pişəvəri öz dövlət kabinəsini məclisə elan etdi(Salamulla Cavid, Daxili İşlər Naziri, Cəfər Kavian, Xalq Qoşunu Naziri, M.Biriya Mədəniyyət Naziri, Mehtaş, Orangi,

İlhami, Azima, Kəbiri, Rəsuli, sırayla Kənd Təsərrüfatı, Səhiyyə, Maliyyə, Ədliyyə, Rabitə,Ticarət və İqtisadiyyat Nazirləri) Əmək Nazirliyi Pişəvəri, Milli Məclis Zeynəlabidin Qayami-ni Ali Məhkəmənin sədri, Firidun İbrahimi-ni isə Azərbaycan Baş Prokuroru təyin etdi.

 

Pişəvəri 20 maddədən ibarət dövlət proqramını Azərbaycan Milli Məclisinə təqdim etdi. Milli Məclis təqdim olunan dövlət proqramını bütünlüklə təsdiq etdi. Proqram sosial, iqtisadi və mədəni sahələri əhatə edirdi. Mədəni sahə, məktəblərdə Ana dilinin tədrisi(Azərbaycanda yaşayan bütün xalqların, o, cümlədən ermənilər, assorilər, Kürdlər və s. öz dillərində təhsil ala biləcəkdirlər) universitetlərin açılışı, incəsənəd qrupların yaradılması(musiqi, teatr, kinoteatr), savadsızlıqla mübarizə mərkəzlərinin yaradılması, iş yerlərinin açılması, qızlar institutlarının yaradılması, kəndlərdə onlarla məktəblərin təşkili, dərs kitablarının çap edilməsi, müxtəlif qəzetlərin nəşri, bütün əhali üçün məcburi və pulsuz təhsil alması proqramda öz əksini tapmışdı.

Sosial sahədə, əhalinin təhlükəsizliyini təmin etmək, ictimai vəziyyəti pozanlarla mübarizə, rəsmi surətdə muxtariyyətin tanınması, Onun əsaslarını demokratik şəkildə möhkəmləndirmək, qadınların iştirakı ilə azad seçki keçirmək nəzərdə tutulmuşdu. Firqə və milli hökumətin əsas məqsədi ölkəni iqtisadi inkişafa və abadlaşdırmağa doğru aparmaq idi. Bu da proqramın əsasını təşkil edirdi.

Azərbaycan Milli Hökumətinin əsas inşaat fəaliyyətləri Təbriz küçələrinin asfaltından və şəhərsalma işlərindən başlayaraq kəndlərə gedən yolların inşası, onların təmiri, poçt, telefon, teleqraf rabitəsinin inkişafı və onların təchiz edilməsi, həmçinin bəzi tikinti layihələrinin icrası (binaların əsaslı təmiri) davam etdi. Milli Bank, Milli Məclis, institut), şəhər su boru kəmərləri, malların satışı, paylanması üçün kooperativlər və mərkəzlərin yaradılmasına başlandı. Yeni əmək qanunu (8 saat, cümə və tətillər) olmaqla yanaşı, çox sayda işsiz gənc işə cəlb edildi, illik məzuniyyət əmək haqqının ödənilməsi ilə həyata keçirildi. İşlə əlaqədar qadınlara kişilərlə bərabər əmək haqqı verilməsi və s. tədbirlər həyata keçirmək proqramda nəzərdə tutulmuşdu.

Milli hökumətin xalq arasında, xüsusilə də torpaqsız kəndlilər arasında populyarlığını artıran məsələ, kəndlilər arasında xalisə torpaqların və müsadirə edilmiş əmlakın (İslahat Qanunu 22 maddədə və bir neçə qeyddə verilmişdir) bölüşdürülməsi məsələsi idi. 1946-cı ilin aprel ayının 14-də Təbrizdə 600-dən çox nümayəndənin iştirak etdiyi Böyük Kəndli Qurultayında “ bir tərəfdən

mülkədarla kəndli arasındakı ədalətli münasibətləri, digər tərəfdən əkinçilərin istehsal səviyyəsini artırması qərarı çıxarıldı. Bu arada milli bir ordu qurulması və onu silahlandırmaq məsələsi müzakirə edildi. Əlbəttə bu ordunun qurulması 21 Azər hərəkatının nailiyyətlərini qoruyan silahlı könüllülərdən( kənd və şəhərlərin kənarında yaşayan yoxsul kəndlilərin övladları) ibarət olmalı idi. Habelə Azərbaycanın bütün şəhər və kəndlərində əhalinin sağlamlığını qorumaq üçün səhiyyə şəraitini yaxşılaşdırmaq məsələsi də milli hökumətin proqramında öz əksini tapmişdı.

1945-ci ilin dekabr ayının 13-də biriqada komandri general Deraxşaninin rəhbərliyi altında Təbriz qarnizonu milli hökumətlə danışıqlara başladı. Bu müzakirənin nəticəsində 3-cü diviziya və qarnizon milli hökumətin ixtiyarına verildi.

Reportaj hazırlamaq üçün Tehrandan Təbrizə gələn jurnalistlər bir səslə və bir qələmlə “Təbrizdə ürəklər sevincdən döyünür, kişi və qadınları sevinc həyəcanı bürümüşdü, artıq əhali başı aşağı deyildi, milli qürur şəhərə başqa bir rəng bəxş edir.” sözlərini yazırdılar. Abbas Şahəndə “Fərman” qəzetində Azərbaycandakı vəziyyətlə bağlı belə yazır: “Azərbaycan Demokrat Firqəsi milli bir partiya olaraq Azərbaycan xalqının sevimlisidir. Xalq öz siyasi liderlərini, milli hökumətini sevir və onlara güvənir … , Pişəvərinin təmiz və pak həyatının bütün səhifələrində hətta qara bir ləkə tapmaq mümkün deyildir.” (“Fərman” qəzeti, No 827). Eyni zamanda, Tehrandakı mürtəce qəzetlər Azərbaycan xalq hərəkatını aşağalayaraq, onu təhqir etməyə davam etdilər. Onlar Azərbaycan milli hökumətinin rəhbərlərini xain, separatçı, üsyançı, xaricin agenti və s. adlandırdılar. Azərbaycan Milli Hökuməti bu əsassız ifadədən çəkinməyərək öz “insan sevərlik” yoluna davam etdi. Milli hökumətin qurulması ilə möhtəkirlər anbarların qapılarını açmağa məcbur oldular. Uzun müddətdən bəri qıtlıq olan ərzaqların qiymətləri sürətlə ucuzlaşdı. Beləliklə İranın başqa bölgələrindən ucuz mal, xüsusən də ərzaq almaq üçün tacirlər Azərbaycana gəlirdilər. Bu sui-istifadə siyasəti Azərbaycan iqtisadiyyatına ağır zərbə vuraraq, ilin ikinci yarısında böyük bir böhrana səbəb oldu. Bu əsnada Tehranın qorxu və nigərançılığı gündən-günə artmaqdaydı. Çünki irtica və istibdad rejimi Azərbaycanda əsən azadlıq küləyinin ölkənin digər bölgələrinə yayılacağından qorxurdu. Ona görə də Azərbaycana qarşı iqtisadi sanksiyalarla bərabər, geniş bir təbliğat kampaniyasına başladılar. Həkimi Azərbaycanda bütün banklardan pulların boşalmasına göstəriş verdi. Bu göstəriş əsasında ölkənin başqa yerlərindən Təbrizə pul köçürmələri, həmçinin şəkər və siqaret ixracatı dayandırıldı. Bu da o demək idi ki, milli hökumət iqtisadı təzyiq altında qalaraq işçilərin maaşlarını ödəyə bilməsin. Milli hökumət embarqodan çıxmaq üçün

müxtəlif tədbirlərə əl atdı. Bunlarda ən önəmlisi isə işçilərə alış-veriş kuponları payladı və xalqın köməyi ilə Həkiminin embarqo siyasətini qismən ləğv etdi. Bu dəfə Tehran fərqli bir siyasət tətbiq etdi, peşəkar siyasətçi və ağıllı bir adam müzakirəni önə çəkdi. 1945-ci il yanvar ayının 23-də “Əhməd Qəvam” Baş nazir təyin edildi ….

 

Ardı var