Postmüharibə dövrünün tələbləri

Əkrəm Bəydəmirli

Bu gün dünyada Azərbaycanın haqlı, ədalətli qələbəsini  həzm edə bilməyən qüvvələr var. Bunlar yalnız erməni lobbisi və onların havadarları deyil. Müşahidələrimiz göstərir ki, regionda marağı olan bəzi qüvvələr fürsət düşən kimi erməni kartından istifadə etməyi düşünürlər.

Digər tərəfdən gözə görünən və görünməyən qüvvələrin Cənubi Qafqaz və başqa ərazilərdəki enerji resurslarının zəngin olduğu məkanlar hədəflərindədir. Onları regionda möhkəm sülh-sabitlikdən daha çox  iqtisadi-siyasi maraqları, regiona təsir imkanlarının  qalması düşündürür. Şübhəsiz ki, həmin beynəlxalq  dairələrə haylar və ümumilkdə Ermənistan bir alət kimi lazımdır. İstənilən məqamda bu alətdən istifadə etmək həmin qüvvələrin istəyində  olub, gələcəkdə də olacaq.
Tək regional dövlətlərin deyil, həmçinin  Qərbin Cənubi Qafqazda iqtisadi-siyasi maraqlarının olması təbii  haldır. Əslində bu vaxta qədər bu maraqlar qorunaraq nəhəng enerji layihələrinin gerçəkləşməsi nəticəsində təmin edilmişdi. Geosiyasi  proseslərə nəzər salsaq görərik ki, belə əməkdaşlığın davam edib-etməməsi həmin ölkələrin davranışından çox asılı olacaq.
Bu gün isə ölkəmizin strateji maraqlarının təmin edilməsi, postmüharibə dövründə  ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində yeni reallıq yaranıb. Çox müsbət haldır ki, xarici diplomatların münaqişənin həlli ilə bağlı  imitasiya xarakterli sülh nəğməsinə son qoyulub. Lakin onların fikirlərində, təmsil olunduğu parlament qətnamələrində saxta  erməni sevgisini görmək məcburiyyətdə qalırıq.
Artıq ermənipərəst mövqeydən çıxış edən qüvvələr mövcud reallığı dərk edib Cənubi Qafqazda yaranan sabitliyə mane olmamalıdırlar. Ermənipərəst mövqeydən çıxış edib sərsəm parlament qərarları çıxarmaq  sülhə, sabitliyə təhlükə olmaqla bərabər Azərbaycanın  nəhəng enerji layihələrində  həmin ölkələrin iştirakına əngəl yaradacaq..
Təbii  ki, bu gün bizi düşündürən postmüharibə dövründə effektli fəaliyyətimiz olmalıdır. Ədalətli sülhü  Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu regiona gətirib. Biz  cəmiyyət olaraq, dövlət olaraq bu ədalətli sülhü qoruyaraq postmüharibə dövrünə hazır olmalıyıq. Mən əvvəlki yazılarımda da  bu məqamı qeyd etmişdim Tarixi ədalətin bütün dünya tərəfindən geosiyasi proseslər nəzərə alınaraq qəbul edilməsinə necə nail olmaq əsas hədəflər sırasındadır.
 Hazırda  media və Vətəndaş Cəmiyyətləri İnstitutları tərəfindən görüləcək işlər daha çoxdur. Yaranmış  reallığın şərtlərinə uyğun olaraq informasiya müharibəsi yeni fazaya keçib. Bu savaş intellektual müstəvidə aparılmalıdır. Zamanın çağrışlarına uyğun yeni metodologiyaların tətbiqinə ehtiyac var.
Bu yeni metodologiyalar nədən ibarət olar?
Birincisi, bəzi təbliğat üsullarını korrektə etməliyik. Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün çox mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik.
İkincisi, dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bunun əvəzində əcnəbi dillərdə geniş fəaliyyət göstərə biləcək yeni media quruluşlarının  əhatə dairəsinin  genişlənməsi zəruridir. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə,  bu sahədə  islahatların aparılmasına ehtiyac var.
Üçüncüsü, intellektual informasiya müstəvisinə keçməliyik. Bu geniş mövzudur. Ancaq onu qısaca belə ifadə etmək olar ki, Azərbaycan ərazisində mövcud olan xristian abidələri haqqında səthi mülahizələr deyil, yalnız tarixi faktlara söykənən elmi mülahizə söyləyə biləcək şəxs danışmalıdır. Azərbaycana məxsus bu xristian abidələrinin mükəmməl tədqiqinə  və  beynəlxalq auditoriyaya çatdırımasına ehtiyac var. Bunu nümunə üçün qeyd etdim. Belə nümunələrin sayını artırmaq olar. Digər tərəfdən faktın peşəkar səviyyədə informasiyaya çevrilməsi zərurəti var.
Dördüncüsü,  Vətəndaş Cəmiyyəti İnstitutlarının maliyyə çevrəsini genişləndirməklə beyin mərkəzlərinin fəaliyyətinə dəstəyi artırmaq lazımdır. Bəzən oturuşmuş analitik beyin mərkəzlərinin  fəaliyyətinə ehtiyac hiss olunur. Təəssüf  ki, bu sahədə  müəyyən boşluqlar var. Bunun ciddi səbəbləri var. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq çox effekt verə bilər.
Nəhayət, işğaldan azad olunmuş  şəhər və kəndlərimizin real görüntüləri mühüm informasiya mənbəyidir. Bunu ura halında deyil, yalnız peşəkarların iştirakı ilə  sənədli, bədii filmlərə köçürmək olar. Həmçinin Şəhidlərimiz  haqqında Zəfər dastanının yazılacağına əminəm. Belə müqəddəs missiyanı sənətə və sənətkarlığa xidmət edəcək şəxslər yerinə yetirəcəksə o zaman urvatlı ədəbiyyat, cəmiyyət qazanacaq.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri