Vətən öz igid övladlarının töhfəsini layiqincə qiymətləndirir

Prezident İlham Əliyev Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin hərbi qulluqçu­larının təltif edilməsi haqqında sərəncam im­zalayıb. Bu mühüm sənədlə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu Vətənin orden və medalları ilə təltif ediliblər.

Bu xəbər məni sonsuz dərəcədə sevindirdi. Ona görə ki, təltif olu­nanların hər biri bu böyük müka­fatlara layiqdirlər. Fakt budur ki, Azərbaycanın hərbi qulluqçuları ikinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar və qeyri-adi şücaətlər göstəriblər. Onlardan bir çoxu, daha dəqiq desək, 2783 qəhrəman əsgər və zabitimiz Vətən uğrunda ağır döyüşlərdə həlak olub. Çox sayda qazilərimiz var. Şəhidlərimizə uca Hamısıahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağalmalarını arzulayıram.

Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz hər bir əsgər və zabitin qələbəmizə verdi­yi töhfəni layiqincə qiymətləndirib. Siyahıya diqqətlə nəzər yetirəndə gördüm ki, Vətənin orden və medal­ları ilə təltif olunan böyük bir hissəsi şəhidlərdir. Onların hər biri xalqı­mızın qəlbində özünə dərin sevgi, sonsuz məhəbbət qazanıb. Vətənin azadlığı naminə canlarından keçməyi bacaran mərd oğullar tərbiyə edib böyüdən şəhid analarının əllərindən öpürəm!

Azərbaycan xalqı qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı elə bir gün olmadı ki, Azərbaycan Or­dusu hansısa bir cəbhədə müvəqqəti də olsa geri çəkilsin. Bu, müharibələr tarixində görünməmiş bir hadisədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz daim irəli getdilər, yağı düşmənin başını əzdilər. Düşmənin canlı qüvvəsi və çox sayda texnikası məhv edildi. İşğalçı Ermənistan açıq döyüşlərdə də, diplomatiya cəbhəsində layiqli ca­vabını aldı. Bununla da, Azərbaycan xalqı onun torpağına xor baxanlar­dan öz qisasını aldı. Düşmənlərimiz bu dərsi heç vaxt unutmamalıdır. Unutsalar, yenə layiqli cəzalarını alacaqlar.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ədalətli müharibə aparırdı. İşğalçı Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq, xalqımı­zın mərd övladları ana Vətən, doğma torpaq uğrunda ölüm-dirim savaşı apararaq, dünyanın hərb tarixində bir-birindən şanlı qəhrəmanlıq səhifələri yazdılar. Xüsusilə Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı olan Şuşanın alın­ması zamanı Azərbaycan əsgərinin göstərdiyi qeyri-adi şücaətlər bütün dünyanı heyrətə gətirib.

Bəli, biz bu gün tariximizin ən şanlı günlərini yaşayırıq. Biz hamı­mız əl-ələ verərək bundan sonra da xalqımızın, dövlətimizin inkişaf və tərəqqisinə çalışmalıyıq. Elə etməliyik ki, Azərbaycanın şanı-şöhrəti heç zaman azalmasın, əksinə, daha da artsın! İnşallah, belə də olacaq!

Sərraf ORUCOV,
Beynəlmiləl Əlil Döyüşçülər Fondunun prezidenti