21 Azər birlik, mübarizə və zəfər bayramıdır.

Azərbaycan xalqının ümummilli lideri, böyük öndəri Heydər Əliyev tariximizin keçmişinə, bu gününə və sabahına qayğı və məsuliyyətlə yanaşmağı tövsiyə etmişdir. O çıxışlarının birində xüsusi olaraq vurğulamışdı: “Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər günü bizim üçün əzizdir – nə cür olur, olsun”. Bu mənada 21 Azər ХХ əsr milli tariximuizin şanlı səhifələrindən biridir. Məhz bu tarixdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız zülmkar və irticaçı şahlıq rejiminə qarşı üsyan etmiş, özlərinin bəşəri haqları olan demokratik hüquqlarını əldə edərək hökumətlərini qurmuşlar.

21 Azər hərəkatı Yaxın və Orta Şərqdə milli-demokratik ideyalara söykənən mütərəqqi hərəkatlardan biridir. Məşrutə inqilabının (1905-1911) və Şeyx Məhəmməd Xiyabani hərəkatının (1917-1920) qayələri üzərində köklənmiş 21 Azər hərəkatı demokratik məzmun və milli xarakterinə görə daha irəli getmiş, Azərbaycan xalqının mübarizə tarixində yeni yeni şanlı səhifə açmışdır.

21 Azər hərəkatının qələbəsi nəticəsində Cənubi Azərbaycanda yaradılmış Azərbaycan Milli Hökumətinin demokratiya, elm, maarif və mədəniyyət sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar barəsində xarici ölkə müəllifləri yazırdılar: “Azərbaycan Milli Hökumətinin həyata keçirdiyibu işləri Pəhləvi şahlıq rejimi heç 20 ildə  icra edə bilməmişdir”.

21 Azər hərəkatı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olaraq hələ uzun illər xalqımızın yaddaşında qalacaqdır. Belə ki, bu hərəkat nəticəsində yaradılmış Azərbaycan Milli Hökuməti İranda azərbaycanlıların milli muxtariyyət hüququnu tanıyaraq fəaliyyətə başlamış, daha sonra dövlət quruculuğu istiqamətində ciddi və yaddaqalan addımlar atmışdır.

21 Azər hərəkatının ən səciyyəvi və azərbaycançılıq üçün əhəmiyyətli cəhətlərindən biri də onunla bağlıdır ki, bu hərəkat Cənubi azərbaycanlıların milli şüurunun formalaşması prosesini başa çatdırdı.

75 il bundan əvvəl Cənubi Azərbaycanda baş vermiş 21 Azər hərəkatının qarşıya qoyduğu məram və məqsədlər hələ də öz həllini gözləməkdədir. Ona görə də həmin tarixdə yaranmış xalq hakimiyyətinin siyası məzmunu və mahiyyəti, milli demokratik-hərəkatda yeri və rolunu bu gün araşdırmaq, öyrəmnək və gələcək nəslə təqdim etmək günümüzdəki fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir.

Əziz həmvətənlər, dəyərli soydaşlar!

Hamınızı 21 Azər hərəkatının 75 illiyi münasibətilə təbrik edir, vətənimizdə milli-demokratik bir rejimin qurulması yolunda uzun illər boyu apardığınız haqlı mübarizənin zəfərlə başa çatmasını arzu edir, bu yolda hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirik.

 

“İranlı Mühacirlər Cəmiyyəti”

İctimai Birliyinin İdarə Heyəti,

21 Azər 1399/12 dekabr 2020