MİNALAR ƏLEYHİNƏ AZƏRBAYCAN KAMPANİYASI İCTİMAİ BİRLİYİNİN MƏLUMATI

Kasetli silahlara dair hesabat

Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı 3 Dekabr 2008-ci il tarixdə Oslo şəhərində imzalanmışdir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı bu Konvensiyanın icra olunmasına dair 10-cu illik hesabatı (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edir. Bu Hesabat son 10 ildə əldə olunmuş nailiyyətlərə və qarşıda duran problemlərə həsr olunub.

01 Avqust 2010-cu il tarixdə qüvvəyə minmiş bu Konvensiyanı hal-hazırda 123 ölkə imzalamışdır ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırmışdır. Konvensiyaya üzv  dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir.

Bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən imtina etmişdir. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina etmişdir.

Hesabat dövründə yalnız 2 dövlətin ərazisində Suriyanın və Liviyanın ərazisində kasetli silahlardan istifadə etməsi faktı qeydə alınıb.

1 Avqust 2020-ci il tarixədək Konvensiyaya üzv ölkələrin ərazisində 560 kvadrat kilometr ərazidə kasetli silahlardan istifadə olunduğu sənədləşirilib. 2019-cu il ərzində 82 kvadrat kilometr bu silahlardan təmizlənmişdir ki, bunun da nəticəsində 96533 kasetli silah məhv edilmişdir. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silah növünün 178 milyon subsursatı məhv edilmişdir.

Son 10 ili nəzərdə tutan hesabat dövründə kasetli silahlardan 4315 nəfərin zərər çəkəndiyi rəsmi qeydə alınmışdır. Zərərçəkənlərin 80% mülki şəxslərdir ki, onların da 40%-ni uşaqlar təşkil edir.  2019-cu ildə qeydə alınmış zərərçəkənlərin 99% mülki şəxslərdir. Ümimiyyətlə kasetli silahların istifadəsindən 33 ölkədə 56000 insanın zərərçəkdiyi bildirilir.

Azərbaycanın kasetli silahların qadağan olunmasına dair  Konvensiyaya qoşulmamasının səbəbi:

Hesabatda bildirilir ki ərazisinin bir hissəsi başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün Azərbaycan bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri o cümlədən də Ermənistan bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan dövlətlər kasetli silahların istehsalı, daşınması, yayılması və tətbiq edilməsinin qadağan olunması üzrə öhdəliklər götürür. Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir. 2019-cu ildə keçirilmiş Konfransda Azərbaycan ilk dəfə müşahidəci kimi iştirak etmişdir. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir.

Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda minatəmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir. Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bundan başqa keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır.

Hesabatda bildirilir ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra iki ərazidə partlamamış M095 DPICM və 9M55K tipli kasetli silaha rast gəlinib.

27 Sentyabr – 10 Noyabr 2020-ci il tarixlərində baş vermiş döyüş əməliyyatları ilə bağlı məlumatların növbəti hesabatda veriləcəyi bildirilir. Buna səbəb bu döyüş əməliyyatlarının Hesabat çapa verildikdən sonra baş verməsidir.

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri