Ən vicdanlı hakim Zamandır – Yazı

Əkrəm BƏYDƏMİRLİ

1992-93-cü illərdə  torpaqlarımız işğal olunan zaman ürəyimizdə  dərin çatlar yaranırdı.  Bu gün torpaqlarımızın işğaldan azad olunması xəbəri  ürəyimizdəki  həmin çatların, nisgilin məlhəmi oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarix yazması hər birimizi qürurlandırır və  ruhumuza  rahatlıq gətirir. Ancaq bu rahatlıq, qələbələrimiz bizi arxayın salmamalıdır.

Döyüş meydanında uduzan düşmən digər məkanlarda  öz qara niyyətini açıb göstərəcək, yenə məkrli siyasətini həyata keçirəcək.

Hadisələrin gedişatını izləyəndə bu qənaətə gəlmək olar ki, dinc azərbaycanlılara qarşı törədiyi  cinayət əməllərinə görə  hər bir erməni hüquqi müstəvidə cavab verməlidir.

Bəzən düşünürük,  II Dünya müharibəsində hərbi cinayətlərdə ittiham olunan şəxslər Dağlıq Qarabağda, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə terror aksiyaları həyata keçirən ermənilərdən daha mərhəmətli olublar.

Xocalı soyqırımında, ümumilikdə  Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində  iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. Vaxtilə  ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib. Sarkisyan  isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Məgər bu və digər sənədlər, girovluqdan, erməni əsirliyindən əziyyət çəkən saysız-hesabsız azərbaycanlı canlı şahidlərin  verdiyi məlumatlar və həmçinin, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə törədilən qətllər beynəlxalq məhkəmə üçün sübut deyilmi?  Təbii ki, bu faktlar  beynəlxalq tribunalın müzakirə predmetinə çevrilməlidir.

Digər bir məqama nəzər salmaq istərdim. İşğaldan azad olunmuş ərazilərimizdəki itki və təlafatların yenidən araraşdırılıb, qiymətləndirilməsinə ciddi ehtiyac var.

Birincisi, işğal olunan rayonlarla bağlı hər biri haqqında ayrıca  araşdırmalar aparılmalı, vurulan ziyana görə məcburi köçkünlərə kompensasiyaların ödənilməsi məsələsi gündəmə gətirilməlidir.

İkincisi, münaqişə dövründə insan hüquqları ilə bağlı, insan faktoruna dəyən ziyanla əlaqədər  bəzi ölkələrin təcrübəsini öyrənməyə zərurət var. Çünki  bu sahədə araşdırma apararkən  cəlbedici metodologiyalara rast gəlmək mümkündür.

Üçüncüsü, Ermənistanın törətdiyi təcavüz aktları, hərbi təxribatlar nəticəsində həm insanlıq əleyhinə, həm də müharibə cinayətlərinin şahidiyik. Ona görə də Azərbaycanın dövlət qurumları hər biri ayrı-ayrılıqda öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablamalıdırlar.

Artıq Baş Prokurorluq tərəfindən  cinayət işi açılıb və Avropa İnsan Haqları Məhkəməsinə bu məsələlərlə bağlı müraciət edilib.

Nəhayət, “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Ermənistanın kasetli silahlardan istifadə etdiyini öz hesabatlarında qeyd ediblər. Kasetli silahlardan istifadənin qadağası ilə bağlı konvensiya 10 ildən artıqdır dünyada qüvvədədir və Ermənistan bu konvensiyanın müddəalarını pozur. Bütün bu amillər  bizim beynəlxalq hüquq müstəvisində fəaliyyətimizə dəstək olacaq.

Gerçəkdən zaman ən vicdanlı hakimdir, hərbi cinayət törədənlərin  vaxtında məsuliyyətə cəlb olunması  sabitliyi və ədalətli sülhü təmin edəcək. Mən əminəm ki, bir gün  gələcək ermənilər bütün cinayətlərinə görə  beynəlxalq tribunalın qarşısında cavab verəcəklər. Bunun üçün isə beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.