Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili
Əvvəlki hərbi və siyasi fiaskolardan dərs çıxarmayan Ermənistan hökuməti vəziyyəti yenidən gərginləşdirmək məqsədilə hərbi resurslarını sərhəd zonasında cəmləşdirməyə başlayıb. Paşinyan hökumətinin PKK terrorçularını, Suriya və Livan ermənilərini işğal olunmuş ərazilərimizə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib. Anlaşılan odur ki, işğalçı ölkə növbəti hərbi təxribata hazırlaşır.
Bütün bunları nəzərə alan Azərbaycan rəsmləri ən yüksək səviyyədə Ermənistanın hərbi təcavüz planları haqqında dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir. Bununla bərabər, işğalçı ölkəyə bütün kanallar vasitəsilə ciddi xəbərdarlıqlar edilir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində, xüsusilə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın işğalçılıq planları ilə bağlı dedikləri beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından çox təsirli oldu: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.
Fikrimizcə, bu xəbərdarlıqlar bir sıra mühüm cəhətlərə görə vacibdir:
Birinci, düşmən ölkənin hərbi təcavüz planları barədə beynəlxalq ictimaiyyətin dəqiq və hərtərəfli məlumatlandırılması indiki mərhələdə mühüm əhəmiyyət kəsb edir. Yəni təcavüzkar ölkə sonradan həyasızcasına Azərbaycanı nədəsə ittiham edə bilməsin.
İkinci, münaqişənin dinc yolla həllini tələb edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar Ermənistanın açıq şəkildə planlaşdırdığı hərbi cinayətə göz yummasın və onun qarşısının alınması üçün müvafiq addımlar atsın. Hərçənd ki, onlar bunu heç vaxt etməyiblər və indi də edəcəkləri böyük şübhə doğurur.
Üçüncü və ən önəmlisi isə torpaqlarımızın işğaldan azad olunması və təcavüzkarın ram edilməsi üçün başlana biləcək Vətən müharibəsinə görə bizi heç kim qınamasın və tam əksinə, xalqımızın haqq savaşına siyasi, diplomatik dəstək versin. Başqa sözlə, bütün bu xəbərdarlıqlar və açıqlamalar ona xidmət edir ki, Milli Ordumuzun zəfər yürüşü üçün lazım olan diplomatik və informasiya hazırlığı ən yüksək səviyyədə təşkil olunsun.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xəbərdarlığından sonra Ermənistanın Xarici İşlər naziri Mnasakyan təcili bəyanat verərək ölkəsinin danışıqlara hazır olduğunu bildirib. Əlbəttə, bu, bir tərəfdən müharibənin Ermənistan üçün gətirəcəyi dəhşətli fəlakətin mahiyyətinə varmaqdan qaynaqlanırsa, digər tərəfdən erməni riyakarlığının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Onlar növbəti dəfə danışıqları uzatmaqla vaxt qazanmaq və öz təcavüzkar niyyətlərini həyata keçirmək üçün əlavə vasitələr tapmaq istəyirlər.
Ancaq kimin nə deməyindən asılı olmayaraq, Ermənistanın və əlaqədar beynəlxalq təşkilatların günahı üzündən otuz illik münaqişənin sülh yolu ilə həlli elə bir çıxılmaz məcraya yönəldilib ki, son sözü Azərbaycan əsgərinin deməsi qaçılmaz zərurət kimi ortaya çıxıb. Heç şübhəsiz, Azərbaycanın ən müasir texnikaya, yüksək döyüş hazırlığına, ən vacibi isə torpaqları işğalçılardan təmizləmək üçün böyük vətənpərvərlik qayəsinə və döyüş ruhuna malik yenilməz ordusu var. Azərbaycan Ordusu qısa müddətdə düşmənə qarşı zəfər yürüşünü başladıb onu qalibiyyətlə başa vurmağa qadirdir. Ölkəmizdə olan yüksək vətənpərvərlik ruhu, düşmən üzərində qəti qələbənin qazanılması üçün hər bir vətəndaşın silaha sarılmaq, səfərbər olmaq və döyüşmək istəyi işğalçılara yaxşı bəllidir. Əminik ki, o müqəddəs gün, torpaqlarımızı işğaldan azad etmək üçün ehtiyac duyuğumuz o, şanlı Qələbə uzaqda deyil.
“Hər şey qələbə üçün!” şüarı bütün Azərbaycan üçün bu gün heç zaman olmadığı qədər aktual və vacibdir!
Hər bir azərbaycanlı bu gün Ordumuzun yanındadır!