Ərdoğan faciəli yanğına görə 4 naziri Boluya göndərdi

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boluda yerləşən Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

“Kartalkayada hoteldə baş verən yanğında həyatını itirən vətəndaşlarımıza Hamısıahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hər kəsə təşəkkür edirəm. Əvvəldən aidiyyatı qurumlarımız vasitəsilə yaxından izlədiyimiz və dərhal araşdırmalara başlanılan bu faciəli hadisədən zərər çəkmiş bütün qardaş və bacılarıma, eləcə də Boluya tezliklə şəfalar diləyirəm”, – Ərdoğan paylaşımında bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun baş verən yanğınla bağlı sosial media hesabında açıqlama verib. O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan yanğından dərhal sonra Daxili İşlər naziri Ali Yerlikaya, Səhiyyə naziri Kamal Memişoğlu, AFAD sədri Okay Memiş və Bolu valisi Abdulaziz Aydınla görüşüb və hadisə ilə bağlı məlumat alıb.

Onun sözlərinə görə, Ərdoğan əmək və sosial müdafiə naziri Vedat Işıkhan, daxili işlər naziri Ali Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Kamal Memişoğlunun lazımi işləri görmək üçün Boluya getmələri barədə göstəriş verib.

Qeyd edək ki, rəsmi məlumata görə, Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğın faciəsində 10 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.