Los-Ancelesdə komendant saatı tətbiq ediləcək

 Los-Anceles dairəsinin (Kaliforniya ştatı) hakimiyyəti bölgədə 14 min hektardan çox ərazini əhatə edən meşə yanğınları ilə əlaqədar komendant saatının tətbiqi üzərində işləyir.

Bu barədə dairənin şerifi Robert Luna bildirib.

Onun sözlərinə görə, komendant saatı saat 18:00-dan 06:00-a qədər yanğın ocaqları ətrafındakı zərər çəkmiş ərazilərdə elan ediləcək. Tədbir cümə günü axşam saatlarına qədər təsdiqlənəcək.

Luna əlavə edib ki, dairə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün milli qvardiyadan dəstək istəyib. “Onlar bizə yol hərəkətinin tənzimlənməsi və kritik infrastrukturun mühafizəsində kömək edəcəklər”, – o bildirib.

KİV-in məlumatına görə, Kaliforniyada yanğınlar zamanı talançılıqla məşğul olan ən azı 20 nəfər saxlanılıb. Los-Anceles dairəsinin Müşahidə Şurasının üzvü Ketrin Barger mətbuat konfransında saxlanılanların cəzalandırılacağına söz verib.

Qeyd edək ki, hazırda 10 nəfərin həlak olduğu məlumdur.