“14 ailənin yaşadığı tarixi bina uçulur, həyətimiz artıq çöküb, sabah partlayış olsa…” – ÖZƏL

“Uzun illərdir ki, Qış parkının yanında, Əlimərdan Topçubaşov küçəsi 82-də arxitektura abidəsi kimi qorunan binada yaşayırıq. 4 mərtəbəli binada 14 qonşu yaşayırıq. Həyətimizdə çöküntülər gedir. Bir komissiya gəlsə görərlər ki, həyətin ortasında dəliklər açılıb. Biz öyrəndik ki, dövlət büdcəsindən küllü miqdarda bərpa işlərimizə pul ayrılıb. Bakı Abadlıq Xidmətindən dedilər ki, biz yalnız fəsadları etmişik. Amma onlar içəridə də işləməli idilər, bütün mərtəbələrdə pilləkənlər dəyişdirilməli idi, dəyişdirmədilər. Özlərinə necə sərf etdisə elə də etdilər. Həyətin heç bir işini görmədilər. Artıq həyət çökmək üzrədir. Həyət çöksə bütün bina uçulacaq”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Sədaqət Ağayeva deyib. O daha sonra bildirib ki, aidiyyatı qurumlara müraciətləri cavabsız qalıb:

“Biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Abadlıq xidmətinə müraciət etsək də bizə kömək edən olmayıb. Biz 14 ailənin dərdinə bir çarə tapılmır. Bu bina plana da düşməyib. Əgər plana da düşmürüksə o aidiyyatı qurumlar bizim bu vəziyyətə düşməyimizin səbəbini axtarıb tapa bilərlər. İcra Hakimiyyətlərindən bir nümayəndə gəlib hələ də baxmayıb. Bu baxmaq nə böyük bir işdir ki? Küçə qapımız, pilləkənlərimiz nə gündədir. Blokun içində görülən işlərimiz ovulub-tökülüb. Həyətdə gecə vaxtı kimsə gedib işıq sayğacına baxsa quyuya düşə bilər. Eşitdiyimizə görə binamızın altında su çuxurları var, sular axır. Bina sakinləri olaraq qorxu içindəyik. Hər an hər hadisə ola bilər. Hətta partlayış da. Bəlkə də su deyil, qazdır? Bir nəfər gəlib baxmır! Ucqar yerdə yaşamırıq kı! Şəhərin mərkəzindəyik də” deyə bildirilib.