BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar… -TƏHLÜKƏ VAR

“Deməli, gedirsən “Bona Dea Hospital”a uşağa peyvənd vurdurmağa. Peyvənd başlayır 250-300 manatdan. Minimum 2 peyvənd 500-600 manat. İndi deyək yaxşı yerdir, və ya peyvəndi yaxşıdır, cəhənnəm vurduraq. Və gəlir sürpriz müqavilə. Müqavilədə deyir ki, mən əslində sənə peyvəndi satıram, amma peyvənddən uşağa nəsə olsa, mənlik deyil. Heç bir məsuliyyət daşımıram. İstəsən, 20-30 dəq buralarda gəz, nəsə olsa baxarıq, sonra nə olsa, yenə mənlik deyil…”
Bunu öz etirazında tanınmış ekspert Turab Rzayev ifadə edib. O daha sonra bunları bildirib: “Niyə peyvənd vurur yox, satır yazdım, çünki şirkət vurmağa da, satmağa da məsuliyyət daşımır. Deyirsən, yaxşı sənin heç bir məsuliyyətin yoxdur, həmişəki kimi, pulu siz qazanıb amma pasienti günahkar çıxarmaq istəyirsən.
Bəs heç olmasa bu peyvəndi hardan almısan, onu göstərə bilərsənmi? Deyir yox.Yəni adam Sədərəkdən peyvənd ala, ya çöldən tapa bilər, Çinə sifariş verə bilər, və bunu vura bilər, amma məsuliyyət sənindir.
Bunun saxlanma şəraiti əməl olunurmu, düzgün saxlanılırmı, ona kim məsuliyyət daşıyır, bunları görə bilərikmi? Deyir yox. Amma məsuliyyət yenə sənindir.
Deməli, 600 manata peyvənd satır, hardan, necə alındığını, saxlama şəraitini və s. sənə demir, ancaq özü bilir və sənə də məcburi müqavilə imzalatdırır ki,i uşağa nəsə olsa, sənlikdir. Belə dərəbəylik olar?
Yəni, “Bona Dea” aldığı, saxladığı və vurduğu peyvəndə əmin deyilsə, biz necə uşaqları onlara etibar edə bilərik?! Özü də peyvəndi onlar vurduğu halda, bütün məsuliyyəti biz niyə üzərimizə götürərək?
Təsəvvür edin, restorana gedirsən, deyir ki, mən sənə yemək satıram, amma zəhərlənsən, nəsə olsa mənlik deyil. Ya da avtomobil alırsan, deyir maşın getməsə, tormoz tutmasa, mühərrik işləməsə mənlik deyil. Belə bir şey necə mümkün ola bilər axı?!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edirəm: bu ümumiyyətlə qanunidirmi?
Əgər qanunidirsə, onda niyə mənə vurduğunu, və bütün məsuliyyəti mənə yüklədiyi peyvəndin hardan alındığını, nə vaxt alındığını, saxlama şəraitini, nə qədər saxlandığını mənə göstərmir?
Ümumiyyətlə, tibb müəssisi vurduğu peyvəndə mən niyə cavabdeh olmalıyam? Bunun hüquqi əsası nədir?
“Bona Dea”nın ümumiyyətlə peyvənd etmək ixtiyarı varmı? Belə bir lisenziyası mövcuddurmu, əgər tələb olunursa?

Sonda onu da qeyd edim ki, saxlanma şəraiti ilə bağlı görünən odur ki, peyvənd otağı dedikləri çox kiçik bir yerə “Redbull” soyuducusu qoyublar, ordan götürüb vururlar. O peyvənd o “Redbull” soyuducusuna nə vaxt gəlib, nə qədər orda qalıb, ora hardan gəlib, hansı şəraitdə gəlib və ora gələndə qədər harda nə qədər hansı şəraitdə saxlanılıb, heç bir məlumat yoxdur…”(Dia-az)