“Tamstore” marketlər şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə şikayətlər yayılıb.
Pravda.az xəbər verir ki, müştərilər “Tamstore”un “İnstaqram” səhifəsində əsasən “Yeni il” endirimləri və yağların keyfiyyəti ilə bağlı narazılıq ediblər.
Bildirilib ki, endirimə çıxarılan mandarinin qiyməti marketin başqa filiallarında 1 manat 18 qəpik yazılıbsa, Masazır filialında həmin məhsul 1 manat 64 qəpiyə satılır.
Etiraz edən digər müştəri isə yağların keyfiyyətindən narazılıq edərək deyib ki, “Tamstore”un Keşlədəki filialında satılan yağlar köhnədir, yayda istehsal olunub.
Bir müddət sonra müştərilərin yazdıqları rəylər “Tamstore”un səhifəsindən silinib.
Mağazalar şəbəkəsinin Marketinq Departamentinin rəhbəri Elvin Babayev Pravda.az-ın müştərilərin şikayətləri ilə bağlı suallarına belə cavab verib:
“Bəzi müştərilər əsassız fikir bildirirlər. Sosial şəbəkədə paylaşılan həftə sonu meyvə bazarında yerli mandarinin qiyməti 1 manat 18 qəpik, Türkiyə mandarininin qiyməti isə 1 manat 64 qəpik olub. İstədiyiniz fililalımızda monitorinq apara bilərsiniz. Əmin ola bilərsiniz ki, keçmiş və ya istehlaka yararsız heç bir məhsulla qarşılaşmayacaqsınız. Yəni müştəri endirimdə olan yerli mandarini yox, Türkiyədən idxal olunan mandarin alıb. Fərqli məhsullardan söhbət gedir. Eyni zamanda duru yağlardan söhbət gedirsə, bu yağların minimum rəf ömrü 12 ay olur. Yayda istehsal olunubsa, məhsulun köhnə hesab edilməsinə hələ 6 ay var. Son istifadə müddəti AQTA standartları ilə təyin edilir. Yəni Son istifadə müddətinə 6 ay qalmış məhsulu nə edək? Rəfdən çıxaraq?”.
Qeyd: “Tamstore” MMC “Avrora Qrup”a daxildir. Qrupun rəhbəri tanınmış iş adamı Ceyhun Abbasovdur.