UNEC-də yeni tələbə təşkilatları yaradıldı

 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin təşəbbüsü və Elmi Şuranın qərarı ilə UNEC-də 3 yeni tələbə təşkilatı yaradılıb.

Yeni yaradılmış “UNEC Diplomatiya Təşkilatı”, “UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı” və “UNEC Türk Dünyası Gənclər Təşkilatı” tələbələrə yeni imkanlar və platformalar təqdim etməklə yanaşı, tələbə həyatını daha da zənginləşdirəcək, gənclərin müxtəlif sahələrdə öz potensiallarını inkişaf etdirmələrinə şərait yaradacaq və sosial məsuliyyətini artıracaq.

“UNEC Diplomatiya Təşkilatı” beynəlxalq münasibətlər və diplomatiya sahələrində tələbələrin nəzəri və praktik biliklərini artırmağı hədəfləyir. Təşkilat, müxtəlif beynəlxalq forumlar, seminar və müzakirələr təşkil edərək, tələbələrə diplomatik fəaliyyətlərdə iştirak etmək, onların liderlik bacarıqlarını inkişaf etdirmək, digər ölkələrdən gələn tələbələrlə təcrübə mübadiləsi aparmaq və qlobal məsələlərə dair fərqli baxışlar əldə etmək imkanı yaradacaq.

“UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı” isə inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmə işlərini həyata keçirəcək. Eyni zamanda həssas qrupa daxil olan tələbələr üçün sosial və akademik mühitin yaradılmasına dəstək göstərəcək və bərabər təhsil imkanlarının təmin olunmasına diqqət yetirəcək.

“UNEC Türk Dünyası Gənclər Təşkilatı” Türk Dünyası ilə əlaqələri möhkəmləndirmək və bu regionun gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Təşkilat, Türk dünyasının elm, təhsil, mədəniyyət və digər sahələrdə irsini təbliğ edəcək, eləcə də Türk dünyasında baş verən yeniliklərin paylaşılmasına, təcrübə mübadiləsinə dəstək göstərəcək.

Qeyd edək ki, UNEC-də Tələbə rektor institutu da daxil olmaqla, müxtəlif istiqamətlər üzrə 15 tələbə təşkilatı fəaliyyət göstərir.