Ötən gün İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində yenidən ailə məsələləri ilə bağlı müzakirələri izlədik. Ədalət naminə deməliyik ki, bu verilişdə mütəmadi olaraq cəmiyyəti düşündürən, narahat edən məsələlər gündəmə gətirilir. Təbii ki, bu qədər problemlərin həlli yalnız bir televiziya verilişi çərçivəsində mümkünsüzdür. Amma bir vacib məqam ondan ibarətdir ki, yalnız siyasət, münaqişələr deyil, həmçinin cəmiyyəti narahat edən, ailə institutunu dağıdan və digər narahatedici məqamlarla bağlı tədqiqat işləri aparılmalıdır. Unutmaq olmaz ki, ailə olmasa, dövlət də olmaz. Bu şüar deyil, məntiqi reallıqdır.
Ona görə, beyin mərkəzlərinin əhatə dairəsi genişlənməli, tədqiqat sahəsi sosial sifarişə çevrilməlidir. Təəssüf ki, bu sahədə vəziyyət yaxşı deyil. Televiziyalar, internet mediası yalnız informasiyanı alıb paylaşmaqdan, intiriqalar aparmaqdan və yaxud telekanallar əyləncə predmetinə çevrilməkdən ibarət olmamalıdır. Telekanallarda peşəkar tədqiqat xarakterli verilişlərə rast gəlinmir. Ancaq bu o anlama gəlməməlidir ki, bu işləri bacaran jurnalistlər və ümumilikdə tədqiqatçılar yoxdur. Təbii ki, ixtisaslaşmış və bu işləri yetərincə bacaran insanlar var. Bu gün cəmiyyəti, əslində hər birimizi narahat edən çox ciddi sahələr var ki, onların tədqiqatının aparılması və yekun nəticələrin ictimaiyyətə açıqlanması zəruridir.
Ümumiyyətlə, tədqiqat işi təcrübə, intellekt, xeyli vaxt və maliyyə tələb edir. Heç kəs aylarla vaxtını, enerjisini az məvacibə həsr edib araşdırma aparmaq istəmir. Amma, bu gün dövlətin, millətin strateji maraqları naminə sosial-iqtisadi sferada, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrlə bağlı ciddi tədqiqatlara ehtiyac var.
Biz bir çox hallarda fəlakət baş verəndən sonra narahat oluruq, başımıza döyürük. Gəlin, bizi təqib edən qorxulu tendensiyaların qarşısını zamanında almaq üçün fikirləşək, araşdırma aparaq, beyin mərkəzlərinin işinə stimul verək.
Əkrəm Bəydəmirli