Məktəb-liseyin 95 illik yubileyi qeyd olunub
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi qeyd edilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, təhsil müəssisəsinin məzunları, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Elza Bağırzadə qonaqları salamlayaraq təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.
BŞTİ-nin müdir müavini A.Qədiməliyev zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, hər kəsə uğurlar, təhsil nailiyyətləri arzulayıb. Müdir müavini 95 illik tarixi olan təhsil müəssisəsininbundan sonra da müstəqil Azərbaycanın layiqli vətəndaşlarını yetişdirmək işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səbail RİH başçısının müavini K.Həşimova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, təhsil müəssisəsinin sabiq direktorları, müxtəlif sahələrdə çalışan məzunları və məktəb-liseyin adını daşıdığı şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynov çıxış edərək tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, bir əsrə yaxın tarixə şahidlik edən məktəbə daha böyük uğurlar arzulayıblar. Məzunlar bu gün həyatda tutduqları mövqeyə, qazandıqları nailiyyətlərə görə doğma məktəblərinə, sevimli müəllimlərinə borclu olduqlarını bildirib, məktəblə bağlı unudulmaz xatirələrini bölüşüblər.
Daha sonra təhsil müəssisəsinin tarixi və məzunlarının uğurlarından bəhs edən videoçarx təqdim olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Dunyaxeber.org