Suriyalıların sıxılmış enerjisi
Bərbad gündə olan yaşayış məntəqələri, dağıdılmış evlər, yeraltı, yerüstü həbsxanalar, qəzəbli kütlə. Bütün bunlar Bəşər Əsəddən sonra qalan Suriyanın görüntüləridir. Avropada təhsil alan, ixtisasca göz həkimi olan bu zalım oğlu deyəsən, heç bir quruculuq işləri ilə məşğul olmayıb. Millətin gözünə, həyatına işıq vermək əvəzinə, böyük kütlələrin gözünün odunu alıb. Amma, lakin kütlənin gücünü hesablamaq çox çətindir. Görünən odur ki, suriyalılarda illərdən bəri toplanmış və sıxılmış enerji cövlan edir.
Bu enerji inkişafa, dövlət qurmağa, azad yaşamağa yönələcək, yoxsa yenidən qruplaşmalara, dağıdıcılığa sərf olunacaq. Bunu yalnız zaman göstərəcək. Müsbət haldır ki, Suriya müxalifəti ortaq məxrəcə gəlmək istədiyini bəyan edərək barışa, sabitliyə, inkişafa doğru gedəcəyini bildirir.
(Heyət Təhrir əş-Şam) HTŞ lideri Əbu Məhəmməd Colani mediaya müsahibəsində intiqam hissi ilə hərəkət etməyəcəklərini və hər kəsə anlayışla yanaşacaqlarını bildirib. Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik, – deyə Colani qeyd edib. Media müsahibələrinə nəzər saldıqda bu qənaətə gəlmək olar ki, Colani mövcud situasiyanı düzgün dəyərləndirən bir siyasətçidir.
Digər tərəfdən Suriyanın parçalanmasına deyil, normal dövlət olmasını, inkişafını, əhalinin dinc yaşamasını istəyən, bu istiqamətdə səylər göstərən Türkiyə var. Regional güc olan qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında öz töhfəsini verə bilər və ümid edirik verəcək.
Təbii ki, Suriyanı parçalamaqda, vətəndaş müharibəsinin başlamasında maraqlı qüvvələr var. Həmin məkrli qüvvələrin öz çirkin planlarının baş tutması Suriya müxalifətinin davranışından və bir çox proseslərin gedişindən asılı olacaq.
Əkrəm Bəydəmirli