“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 %-ə yüksəldib.
Bu barədə “Report” agentliyin məlumatına istinadən xəbər verir.
“S&P” qeyd edir ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.
“2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9 % təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 %-dən (iyun proqnozu) 4,5 %-ə qədər yenidən nəzərdən keçirmişik”, – məlumatda vurğulanıb.
Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8 % artmış qeyri-neft sektorudur.
“Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik”, – agentlik bildirib.