Son bir neçə ildə repressiya tarixini araşdırarkən yüzlərlə günahsız, işıqlı insanın həyatına, istintaq materiallarına nəzər saldım. maraqlı məqamlarla rastlaşırdım. İndiki zaman prizmasından o dövrə yanaşıb kimlərisə ittiham etmək, kimlərisə qəhrəman kimi təqdim etmək mənim fikrimcə doğru deyil.
Amma elə insanlar olub ki, rejim onların iradəsini sındıra bilməyib.
Həmin şəxsiyyətlərdən biri, tanınmış alim, türkoloq Vəli Xuluflu idi. Onunla bağlı kiçik istintaq materialına qısa nəzər salmaq istərdim.
Vəli Xuluflunun 12493/80 N-li istintaq işində IV şöbənin rəisi, təhlükəsizlik mayoru Gerasimovun 27 yanvar 1937-ci ildə təsdiq etdiyi arayışda deyilir: SSRİ vətəndaşı, türk, ÜİK(b)P-nin üzvü, AZFON-un direktor müavini Vəli Məhəmmədhüseyn oğlu Xuluflu əksinqilabçı, millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Tixomirov və Çiçkalovun ifadələri əsasında həbs edilir. Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən: 1925-ci ildən həbs olunana qədər əksinqilabi və ümumittifaq pantürkist mərkəzinin rəhbəri Çobanzadə və Qubaydulinin mövqeyinin tərəfdarı olub. 1935-ci ildə qeyri-leqal əksinqilabi, millətçi təşkilatını müdafiə etmiş və təşkilatın rəhbərləri ilə əlaqə yaratmışdır. Azərbaycanın bölgələrində silahlı üsyan etmək üçün hazırlıq işləri aparmışdır. AZFON-un Tarix İnstitutunda ziyançılıq işləri aparıb.Terror mövqeyində durmuş, MK-nın katibi Bağırova qarşı sui-qəsdin hazırlanmasında iştirak etmişdir. Məhz buna görə də V.Xuluflu 73, 64, 69, 70 cinayət maddələri ilə təqsirli bilinir. Məlumdur ki, yeni quruluş üçün təhlükəli hesab edilən ziyalıların həbsi 1937-ci ilin yanvar ayından başlayaraq kütləvi hal almışdı. Biri digərindən xəbərsiz həbs edilən və həbsi nəzərdə tutulan ziyalılar barədə onlardan ifadə alınırdı. Vəli Xuluflu NKVD zirzəmisində doqquz aydan artıq amansız işgəncələrə dözərək haqsız iradları rədd edir, günahsız olduğunu bildirir, qələm dostlarının xalq düşməni adlandırılması ilə razılaşmır.
Vəli Xuluflu erməni millətindən olan müstəntiq Avanesyan tərəfindən verilən sualları cavablandırır. Amma bütün sorğu-suallarda Vəli Xuluflu dostlarına ziyan gətirəcək heç bir addım atmır. Məlum məsələdir ki, həbs dövründə o, olmazın işgəncələrə məruz qalıb. V.Xuluflu həbs edilən günün səhəri SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi 5-ci şöbəsinin rəisi Avenesyan tərəfindən dindirilir. NKVD-nin zirzəmisində saxlanılan Vəli Xuluflu sonralar da dəfələrlə sorğu-suala tutulur.
Sual: – Siz professor Çobanzadəni tanıyırdınız?
Cavab: – Bəli, onunla rəsmi tanışlığımız olub.
Sual: —Lakin istintaqa məlumdur ki, siz Çobanzadə ilə dost olmusunuz?
Cavab: – Mən təsdiq edirəm ki, 1927-ci ildən Çobanzadə ilə əlaqəm olub.
Sual: –İstintaq belə hesab edir ki, siz bilərəkdən əlaqənin həqiqi xarakterini gizlətməyə çalışırsınız.Bunu təsdiq edirsiniz?
Cavab:–Təsdiq etmirəm. Mən əvvəldən dedim ki, Çobanzadə ilə əlaqələrimiz rəsmidir.
Təbii ki, müstəntiqin məqsədi Vəli Xuluflu vasitəsilə Çobanzadəni və digərlərini əksinqilibçı təşkilatın üzvləri kimi günahlandırmaq olub.
Sual:–İstintaqa məlumdur ki, siz əksinqilabi təşkilatın üzvüsünüz. Bunu təsdiq edirsiniz?
Cavab: –Qəti olaraq inkar edirəm.
Sual:– Sizin dostunuz H. Zeynallı 09.02.1937-cil tarixində verdiyi ifadə də əksinqilabçı təşkilatın üzvləri arasında Vəli Xuluflu da var deyib. Siz əksinqilabçı təşkilatın üzvü olduğunuzu etiraf edirsiniz?
Cavab:–Mənim əksinqilabi təşkilatın mövcudluğu haqqında məlumatım yoxdur. Mən elə bir təşkilata üzv olmamışam. H, Zeynallı düzgün ifadə verməyib.
Göründüyü kimi, Vəli Xuluflu fiziki və mənəvi işgəncələrlə üzləşsə də, öz dürüstlüyünü qoruyub saxlamağa çalışır. O, həbs ediləndə həyat yoldaşı Fatmanisə xanım evdar, 13 yaşlı oğlu Çingiz və 15 yaşlı qızı Sunduz məktəbli idi. Vəli Xuluflu qətlə yetiriləndən beş ay sonra –10 aprel 1938-ci ildə həyat yoldaşı Fatmanisə Xuluflu da həbs olunur. SSRİ XDİK xüsusi müşavirəsinin 9 may 1938-ci il tarixli qərarına əsasən, cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir, Rusiyanın Volqaboyu ərazisindəki Potma islah əmək düşərgəsinə göndərilir…
Əkrəm Bəydəmirli