Kürdəmir sakini rəsmi qurumları saxta akt tərtib etməkdə İTTİHAM EDİR – NARAZILIQ VAR…

Kürdəmir rayonu, Şüşün kənd sakini İbrahimli Pərviz Tahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis cənab Nazim Rəcəbova, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimova, eləcə digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən Kürdəmir sakini Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar regional şöbəsinin əməkdaşı Kamil Həsənli və Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevdən şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Yazaraq bildirirəm ki, Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayev və Əmlak Məsələləri Dövlət Xidmətinin 16-saylı Ucar regional şöbəsinin əməkdaşı Kamil Həsənli əlbir olaraq saxta akt tərtib ediblər. Belə ki, müraciət edərək 100 ha torpaq sahəsinin bir qrup şəxs tərəfindən qanunsuz istismar edildiyini bildirmişdim. Qeyri-qanuni istismar olunan torpaqların dövriyyəyə qaytarılaraq hərraca çıxarılmasını xahiş etmişdim.

10 iyul 2024-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək akt tərtib etdilər. Qeyd edim ki, baxış zamanı torpaqların mülkiyyətinə dair heç bir sənəd təqdim edilmədi. Həmçinin, ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlara dolu olduğunu gördüm. İlki olaraq aktı imzalamaqdan imtina etdim.

Kamil Həsənli akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsisslərinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək isdərdim (akt məktuba əlavə edilib).

1. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda 906012000745 və 906012000745 nömrəli çıxarışla müvafiq olaraq, 20.9 və 5.1 ha torpaq sahələrinin Alıyev Etibar Alı oğlunun icarəsində olduğu qeyd edilib.

2. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə 25 il müddətinə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib.

3. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda 906013033032 və 906013033031 nömrəli çıxarışla müvafiq olaraq, 5,09 və 1.95 ha torpaq sahələrinin Şahverdiyev Həsrət Murad oğlunun icarəsində olduğu qeyd edilib.

Tərtib edimiş aktda göstərilən ərazilər əkin təyinatlı deyildir və örüş sahəsidir. Yəni bu sahələr əkin məqsədli istifadə edilə bilməz. Tərtib edilmiş aktda faktların saxtalaşdırıldığına dair sübutları qeyd etmək istərdim.

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rayonların, şəhərlərin və iqtisadi rayonların, ümumi, baş və interaktiv planları tərtib edilib və qurumun rəsmi səhifəsində yerləşdirilib (https://arxkom.gov.az/sehersalma/regional-sxemler).

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Aran İqtisadi rayonda ərazinin perspektiv inkişaf sxemi qurumun rəsmi səhifəsində yerləşdirilib(https://arxkom.gov.az/storage/media/36854/af25846c-69fd-4ba9-9707e0962c81ad62.pdf).

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilən sxemdə Kürdəmir rayonunun, Köhünlü bələdiyyəsi ərazisində yerləşən örüş və əkin sahələrinin yerləşmə yerləri göstərilib(ərazinin sxemi məktuba əlavə edilib).

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilən sxemdə barəsində şikayyət verdiyim ərazinin örüş sahəsi olduğu təsdiqini tapıb (ərazinin sxemllər məktuba əlavə edilib).

5. Aran İqsadi rayonunun ərazi sxemi də sübuta yetirir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar regional şöbəsinin əməkdaşı Kamil Həsənli və Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin sədri Azər Ağayev akta qanunsuz faktlar daxil edərək bütün dövlət qurumlarını çaş-baş salıblar.

Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət

prinsiplərini unudub. Kamil Həsənli kimlərinsə təkidi il dövlət əhəmiyyətli aktı tərtib edərkən saxtakarlığa yol verib. Qeyd edim ki, ölçü aparan zaman bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək dırnaq arası konsert verdi. Səsini başına ataraq məni provikasiyaya çəkməyə cəhd etdi.

Bütün bunları nəzərə alaraq, Sizlərdən aşağıdakıları xahiş edirəm:

1. Ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri əraziyə ezam edilsini.

2. Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilməsini.

3. Saxta akt tərtib etmiş Kamil Həsənli barəsində qanuni addım atılmasını.

4. Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin örüş sahələrinin qanunsuz əsaslarla əkin məqsədi ilə icarəyə verilməsi faktının araşdırılmasını.

5. Bu qanunsuzluğa yol vermiş Köhünlü bələdyyəsinin sədri Azər Ağayevin məsuliyyətə cəlb edilməsini.

6. Torpağı qanunsuz istismar edən şəxslər barəsində qanuna müvafiq addım atılmasını.

7. Qanunsuz istismar olunan sörüş sahələrinin kənd sakinlərinin istifadəsinə verilməsini”.